Şimal Dəniz Marşrutu üzrə keçidlərin sayı 2025-ci ilin göstəricisini ötüb
Rusiya ərazisindən keçən Şimal Dəniz Marşrutu üzrə kommersiya gəmilərinin tranzit səfərlərinin sayı 2026-cı ilin sentyabr ayının sonunadək 104-ə çatıb. Bu, 2025-ci ilin bütün naviqasiya mövsümündə qeydə alınan 103 keçiddən çoxdur.
“Seanews.az” xəbər verir ki, Şimal Logistikası Mərkəzinin (CHNL) məlumatına görə, marşrut üzrə daşınan yüklərin təxmini həcmi 3,7 milyon tona çatıb. Bu, 2025-ci ilin ümumi göstəricisindən (3,2 milyon ton) 15 faiz çoxdur.
Tranzit səfərlərini tamamlayan gəmilərin ümumi dedveyt tutumu isə təxminən 7,8 milyon ton olub ki, bu da ötən ilin göstəricisindən 26 faiz yüksəkdir.
CHNL-in qiymətləndirməsinə əsasən, 2026-cı ilin yekununda marşrut üzrə keçidlərin sayı 150-yə çata, daşınan yüklərin həcmi isə 4,5 milyon tondan çox ola bilər. Sentyabrın 30-na olan məlumata görə, daha 45 tranzit səfəri davam edir və ya marşrutun əhatə etdiyi ərazidə yerləşir.
Daşımaların əsas hissəsini neft tankerləri həyata keçirib. Konteyner daşımalarında da artım müşahidə olunub: sentyabrın sonunadək Asiya ilə Avropa arasında dörd beynəlxalq tranzit səfəri tamamlanıb. Müqayisə üçün, 2025-ci ilin bütün mövsümündə cəmi bir belə səfər olub.

