

“Drydocks World” dünyanın ən böyük üzən LNG qurğusunun inşası üçün müqavilə imzalayıb
“DP World” şirkətinə məxsus “Drydocks World” BƏƏ-nin Dubay şəhərində yerləşən gəmiqayırma zavodunda tikiləcək dünyanın ən böyük üzən mayeləşdirilmiş təbii qaz (LNG) istehsal qurğusunun layihəsi üzrə mühəndislik, satınalma və tikinti (EPC) müqaviləsi imzalayıb. Müqavilə ABŞ və Sinqapurda fəaliyyət göstərən "Amigo LNG" şirkəti ilə bağlanıb.
"Seanews.az" xəbər verir ki, layihə çərçivəsində iki LNG tankerinin üzən saxlama blokuna (FSU) çevrilməsi, eləcə də iki yeni üzən LNG barjının inşası nəzərdə tutulur. Qurğu 2028-ci ilin ikinci yarısında istismara verildikdən sonra illik 4,2 milyon ton qaz emalı gücü ilə fəaliyyət göstərəcək ki, bu da mövcud bütün üzən LNG layihələrini geridə qoyacaq.
Yeni obyekt Meksikanın qərb sahillərində, Quaymas açıqlarında yerləşəcək və ABŞ-nin Permian hövzəsindən çıxarılan təbii qazla təmin olunacaq.
Şirkətin məlumatına görə, qurğunun coğrafi mövqeyi ABŞ-nin Qolf sahilindəki terminallarla müqayisədə Asiyaya yükdaşımaları əhəmiyyətli dərəcədə qısaldacaq və yeni LNG dəhlizinin yaranmasına imkan verəcək.