Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Skulte limanında tikintisi planlaşdırılan mayeləşdirilmiş təbii qaz terminalı 2024-cü ildə hazır ola bilər

Latviyanın Skulte limanında tikintisi planlaşdırılan mayeləşdirilmiş təbii qaz (LNG) terminalı 2024-cü ilin payızına qədər hazır ola bilər.

“Seanews.az”-ın məlumatına görə, bu proqnozu Latviyanın iqtisadiyyat naziri İlze İndriksone verib.

Nazir bildirib ki, eyni zamanda, “Skulte LNG Terminal” layihəsinin yaradıcısı ətraf mühitə təsirin qiymətləndirilməsini daha qısa müddətdə apararsa, LNG terminalı potensial olaraq daha tez işə başlayacaq.

Avqustun 30-da Latviya hökuməti bu layihəyə milli maraq obyekti statusunun verilməsi barədə qərar qəbul edib.

Müvafiq qanun layihəsi sentyabrın 20-dək İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilməlidir.

İlze İndriksone izah edib ki, milli maraq obyekti statusu terminalın layihələndirilməsi və tikintisində inzibati prosedurları sadələşdirəcək və sürətləndirəcək. Hökumətin bu statusu yalnız “Skulte LNG Terminal” layihəsinə vermək qərarı təhlükəsizlik orqanlarının tövsiyələri ilə bağlıdır. Eyni zamanda, Riqa limanında LNG terminalı layihəsinin icrası davam edə bilər.

Nazirlər Kabineti layihədə dövlətin iştirakı məsələsinə hələ də baxmayıb. Hazırda “PricewaterhouseCoopers” audit şirkəti tərəfindən aparılan risk analizi əsasında müvafiq qərarlar daha sonra qəbul ediləcək. Təhlil texniki risklərin, iqtisadi göstəricilərin, xərclərin, geri qaytarılma göstəricilərinin, hüquqi və digər aspektlərin qiymətləndirilməsini əhatə edir.

Qiymətləndirmə zamanı layihənin sərfəli və səmərəli olduğu üzə çıxarsa, ona dövlət zəmanətinə ehtiyac olmayacaq.

Sahil Ətraf Mühitin Mühafizəsi Cəmiyyətinin “Skulte LNG Terminal” layihəsi ilə bağlı səsləndirdiyi tənqidlərə münasibət bildirən İqtisadiyyat Nazirliyinin rəhbəri ictimai fəallarla şəxsən görüşdüyünü, onların iddialarını dinlədiyini bildirib. Nazir qeyd edib ki, yerli sakinlər layihənin Latviyanın enerji müstəqilliyinin təmin olunması üçün əhəmiyyətini başa düşürlər. Onlar əsas şərt kimi müzakirələrdə iştirak etmək və suallarına cavab almaq tələbini irəli sürürlər.

"İnsanlar terminalın əleyhinə deyillər, lakin onlar təhlükəsiz mühitdə yaşamaq və belə desək, gələcəkdə Skulte yaxınlığında həyat şanslarını pisləşdirməmək istəyirlər", - nazir izah edib.

“Skulte LNG Terminal”-ının baş direktoru Renars Mikelsons qeyd edib ki, Nazirlər Kabinetinin qərarı layihənin həyata keçirilməsi üçün “yaşıl dəhliz” olmaqla yanaşı, həm də Latviya və Baltik dənizi regionunun enerji təhlükəsizliyinin təmin edilməsi üçün mühüm addımdır.

"Biz çox şadıq ki, qeyri-müəyyənlik mərhələsi başa çatıb və biz layihənin icrasına doğru daha sürətlə irəliləyə bilərik. Hökumət bizim üçün son tarix - 2024-cü ilin payızını müəyyən edib və biz bizdən asılı olan hər şeyi edəcəyik ki, “Skulte LNG Terminal” layihəsi mümkün qədər tez həyata keçirilsin. Biz hökumətlə və bütün iştirakçı tərəflərlə əməkdaşlığa hazırıq”, - deyə Mikelsons bildirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır