Livan sahillərində əyilən yük gəmisindən 7 nəfər dənizə tullanıb
Livan sahillərində Türkiyədən oduncaq yükü daşıyan “Seahorse” yük gəmisinin güclü şəkildə yana əyilməsi səbəbindən 7 heyət üzvü dənizə tullanıb. Onlar xilas ediliblər. Panama bayrağı altında üzən gəmidə ümumilikdə 16 nəfər olub.
“Seanews.az” xarici mediaya istinadla xəbər verir ki, hadisə oktyabrın 25-də gəmi Sidon limanına yaxınlaşarkən baş verib. İlkin ehtimala görə, yükün yerini dəyişməsi və gəmiyə su dolması onun yana əyilməsi ilə nəticələnib.
Livanın müvafiq qurumları gəmini yoxlayarkən 5 nömrəli yük anbarında 3,5–4 metr su aşkar ediblər. Təcili suçəkmə əməliyyatı nəticəsində suyun səviyyəsi 50–60 santimetrədək azaldılıb.
Hazırda Beyrut limanında lövbərdə olan gəminin dayanıqlığını artırmaq üçün yükün boşaldılması planlaşdırılır. Rəsmilər gəmidəki nasazlığın səbəbini açıqlamayıblar.

