Asiya–Avropa marşrutunda konteyner daşımalarının spot tarifləri oktyabrda artıb
Asiyadan Avropaya konteyner daşımaları üzrə spot tariflər oktyabr ayında yenidən yüksəlməyə başlayıb. Bu artım daşımalar üçün mövcud tutumun genişlənməsinə baxmayaraq, Avropaya tələbatın yüksək qalması ilə əlaqələndirilir.
“Seanews.az” bu barədə “Xeneta” şirkətinin məlumatına əsasən xəbər verir. Hesabata görə, Uzaq Şərqdən Şimali Avropaya daşımaların spot tarifi əvvəlki həftə ilə müqayisədə 6,8 faiz artaraq 1 FEU üçün 3 698 dollara, Aralıq dənizi istiqamətində isə 5,8 faiz yüksələrək 4 442 dollara çatıb.
“Xeneta”nın baş analitiki Piter Send bildirib ki, bu ilin ilk yeddi ayında Avropaya mal tələbatı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 12,2 faiz artıb. Qırmızı dəniz və Süveyş kanalı marşrutuna qayıdan gəmilərin sayının artması daşımalar üçün mövcud tutum çatışmazlığını azaltsa da, güclü tələb tariflərin yüksəlməsini dəstəkləyir.
“Drewry” konsaltinq şirkətinin məlumatına görə, daşıyıcılar tarifləri artırmaq məqsədilə bəzi reysləri ləğv etməklə bazara çıxarılan tutumu məhdudlaşdırırlar. Asiyadan ABŞ-nin qərb və şərq sahillərinə konteyner daşımalarının tarifləri isə müvafiq olaraq 1 FEU üçün 8 311 və 11 525 dollar səviyyəsində qalır.

