Dünyanın ən böyük batareya-elektrik gəmisi Cənubi Amerikada kommersiya fəaliyyətinə başlayıb
Dünyanın ən böyük batareya-elektrik gəmisi “China Zorrilla” oktyabrın 22-də Argentinanın Buenos-Ayres və Uruqvayın Koloniya şəhərləri arasında ilk kommersiya səfərini həyata keçirib.
“Seanews.az” xəbər verir ki, Avstraliyanın “Incat Tasmania” şirkəti tərəfindən inşa edilən 130 metrlik yüksəksürətli katamaran 2 100 sərnişin və 225 avtomobil daşımaq imkanına malikdir. Gəmi 40 meqavat-saatdan çox tutuma malik batareyalarla təchiz olunub. Bu batareyalar səkkiz elektrik mühərrikini enerji ilə təmin edir. Mühərriklər isə gəmini hərəkətə gətirən su şırnaqlı qurğuları işə salır.
Gəminin batareyaları Buenos-Ayres və Koloniya limanlarında quraşdırılmış yüksək güclü enerji doldurma sistemləri vasitəsilə səfərlər arasında doldurulur. Dizel mühərriklərindən istifadə etməyən gəmi hərəkət zamanı birbaşa işlənmiş qaz emissiyaları yaratmır, həmçinin daha az səs-küy və vibrasiya ilə işləyir.
“Incat Tasmania” şirkətinin bu layihəsi böyük tutumlu sərnişin gəmilərində tam elektrik mühərrik sistemlərinin tətbiqinin mümkünlüyünü nümayiş etdirir.

