Liviyada Rusiya gəmilərinə kütləvi hücum edilib
Liviyanın Benqazi limanında Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus korvet partlayış nəticəsində ciddi zədələnib və batıb. Hücum zamanı Rusiyanın hərbi yük daşımalarında istifadə olunan daha iki gəminin də hədəfə alındığı bildirilir.
“Seanews.az” bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, hücumun altı partlayıcı yüklü pilotsuz suüstü aparatı ilə həyata keçirildiyi ehtimal olunur. Partlayışın noyabrın 21-də baş verdiyi, korvetin bir neçə saat sonra yan üstə suya batmış vəziyyətdə görüntüləndiyi bildirilir. Hücum nəticəsində gəminin raketlərinin də işə düşdüyü ehtimal edilir.
Hədəfə alınan digər gəmilərdən biri sanksiyalara məruz qalan, hərbi yük daşımalarında istifadə edilən “Askalon” gəmisidir. İkinci gəminin Malta bayrağı altında üzdüyü bildirilir. Hücum edənlərin onu “Anastasiya” gəmisi ilə səhv salmış ola biləcəyi ehtimal olunur.
Həmçinin qeyd edilir ki, hücuma məruz qalan gəmilər Rusiyanın Kalininqrad vilayətindəki Baltiysk limanından oktyabrın 31-də yola çıxmış və Aralıq dənizində hərbi yük daşımalarını müşayiət edən Rusiya donanmasının konvoyuna daxil olmuşdu. Hücumun kim tərəfindən həyata keçirildiyi barədə rəsmi məlumat verilməyib.

