İnnovativ sükan sistemi ilk dəfə soyuducu yük gəmisində tətbiq edilib
İxtisaslaşmış soyuducu yük daşımaları operatoru “Cool Carriers” yanacaq sərfiyyatını və emissiyaları azaltmaq üçün nəzərdə tutulan innovativ “Gate Rudder” sükan sistemi ilə təchiz edilmiş dünyada ilk soyuducu yük gəmisini – “Snow Land”i təhvil alıb.
“Seanews.az” xəbər verir ki, Yaponiyanın “Kitanihon” gəmiqayırma zavodunda inşa edilən buz sinifli gəmi noyabrın 12-də sifarişçiyə təqdim olunub. “Snow Land” şirkətin donanmanın yenilənməsi proqramı çərçivəsində inşa edilən yeddi “Snow” sinifli gəmisindən üçüncüsüdür.
Ənənəvi sükan sistemlərindən fərqli olaraq, “Gate Rudder” texnologiyasında pərvanənin hər iki tərəfində yerləşən və müstəqil idarə olunan iki sükan qanadından istifadə edilir. Texnologiyanın lisenziya sahibi olan Finlandiyanın “Wärtsilä” şirkətinin məlumatına görə, bu sistem yanacaq sərfiyyatını 20%-dək azaltmağa imkan verir.
162,5 metr uzunluğundakı gəminin soyuducu yük tutumu 18 710 kubmetrdir. O, meyvə və dondurulmuş məhsullar da daxil olmaqla, müxtəlif yüklərin daşınması üçün səkkiz müstəqil temperatur zonasına malikdir. Bundan əlavə, gəmi 168 ədəd 40 futluq soyuducu konteyner daşıya bilir və sürəti təxminən 18 düyündür.
Gəmi Yaponiyadan yola düşdükdən sonra Ekvadordan Avropaya banan daşımalarına başlayacaq. “Cool Carriers” qalan dörd yeni gəminin də 2028-ci ilədək donanmaya qoşulmasını planlaşdırır. Şirkət hazırda tez xarab olan məhsulların beynəlxalq daşımalarında istifadə olunan 50-dən çox ixtisaslaşmış soyuducu yük gəmisini idarə edir.

