“Costa Concordia” gəmisinin kapitanı 9 il həbsdə qaldıqdan sonra azadlığa buraxılıb
2012-ci ildə “Costa Concordia” kruiz gəmisinin qəzaya uğramasına görə 16 il müddətinə azadlıqdan məhrum edilmiş kapitan Françesko Şettino doqquz ildən çox həbsdə qaldıqdan sonra şərti azadlığa buraxılıb.
“Seanews.az” xəbər verir ki, İtaliya paytaxtının Rebibbia həbsxanasında məhkum həyatı yaşayan Şettinonun cəzasının qalan hissəsini şərti azadlıqda keçirməsi barədə qərarı Roma məhkəməsi verib.
2012-ci il yanvarın 13-də Şettino gəmini İtaliyanın Cilyo adası yaxınlığında müəyyən edilmiş marşrutdan kənara çıxararaq sahilə yaxınlaşdırıb. Nəticədə gəmi sualtı qayalıqla toqquşub, gövdəsi zədələnib və çevrilib. Qəza və təxliyə zamanı 32 nəfər həlak olub.
Kapitan sərnişin və heyət üzvlərinin təxliyəsini gecikdirməkdə və gəmidə hələ yüzlərlə insan olduğu halda onu tərk etməkdə təqsirli bilinib. O, 2015-ci ildə 16 il müddətinə azadlıqdan məhrum edilib və 2017-ci ilin mayından həbsdə olub.


