Hücuma məruz qalan Rusiya yük gəmisində yanğın davam edir
Baltik dənizində pilotsuz aparatların hücumuna məruz qalan Rusiyaya məxsus “Sparta II” yük gəmisində yanğın davam edir. Finlandiya Sahil Mühafizəsinin məlumatına görə, ötən gün gecə boyu yanğının söndürülməsi istiqamətində işlər aparılsa da, alovun qarşısını almaq mümkün olmayıb.
“Seanews.az” xarici mediaya istinadla xəbər verir ki, Finlandiya hərbçiləri noyabrın 21-də gəmiyə edilən hücumun, ehtimal ki, Ukrayna tərəfindən həyata keçirildiyini bildiriblər. Hadisədən sonra gəmi Finlandiyanın ərazi sularına doğru sürüklənib və hazırda lövbərdə saxlanılır. Gəminin 16 nəfərlik heyəti yaxınlıqdakı Rusiya gəmisinə təxliyə edilib.
Sahil Mühafizəsinin yaydığı görüntülərdə bir neçə gəminin su şırnaqları vasitəsilə “Sparta II”dəki yanğını söndürməyə və göyərtədə üst-üstə yığılmış konteynerləri soyutmağa çalışdığı görünür.
Finlandiya Müdafiə Qüvvələrinin məlumatına görə, Kalininqrada doğru hərəkət edən gəmi Rusiyanın Qoqland adasının qərbində, beynəlxalq sularda vurulub. Estoniya Hərbi Dəniz Qüvvələrinin komandanı İvo Vark isə Finlandiya körfəzində yeni hücumların baş verməsi riskinin istisna olunmadığını bildirib.
121 metr uzunluğunda olan “Sparta II” Rusiyanın “Oboronlogistika” gəmiçilik şirkətinə məxsusdur. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, gəmi sanksiyalara məruz qalıb. Şirkət Rusiya Müdafiə Nazirliyinə logistika xidmətləri göstərir.



