İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib
Britaniyalı uzun məsafə üzgüçüsü Lyuis Pyu 2026-cı ilin noyabrında Hörmüz boğazında üç gün ərzində 15 kilometrlik məsafəni qət edib. O, bu təşəbbüslə İranla müharibənin dəniz mühitinə vurduğu zərərə diqqət çəkməyə çalışıb.
AZƏRTAC xəbər verir ki, okeanların mühafizəsi üzrə fəal, BMT-nin Okeanlar üzrə himayədarı 56 yaşlı Lyuis Pyu Oman sahillərində, Musəndəm yarımadası yaxınlığında üzməyə başlayıb. Üzgüçü səfər zamanı yanan gəmilərin şahidi olub.
İlk üzmə cəhdindən cəmi 20 dəqiqə sonra ərazidə iki partlayış baş verib, təxminən dörd kilometr aralıda neft tankerində yanğın başlayıb. Təhlükəsizlik səbəbindən o, üzməyi müvəqqəti dayandırmalı olub. Növbəti gün isə boğazdan keçidini davam etdirərkən başqa bir gəminin alovlar içində olduğunu müşahidə edib.
Lyuis Pyu xəbərdarlıq edib ki, zədələnmiş tankerlərdən dənizə yayılan çirkləndirici maddələr mərcan riflərinə, manqrov meşələrinə və sahil ekosistemlərinə onilliklər ərzində ciddi zərər vura bilər.
Bununla yanaşı, üzgüçü səfər zamanı delfinlər, dəniz tısbağaları və balıqçı quşları müşahidə etdiyini bildirib. Onun sözlərinə görə, bu canlıların mövcudluğu müharibə nəticəsində təhlükə altında olan zəngin dəniz biomüxtəlifliyini bir daha xatırladır.
Daha əvvəl Arktika, Antarktida və Qırmızı dənizdə təbiətin mühafizəsinə diqqət çəkmək məqsədilə üzmə təşəbbüsləri həyata keçirən Pyu müharibənin dayandırılmasına, Hörmüz boğazının açılmasına və ətraf mühitə dəymiş zərərin aradan qaldırılmasına çağırıb.

