“Louis Dreyfus” 300 gəmidə robotlaşdırılmış gövdə təmizləmə texnologiyasını sınaqdan keçirəcək
Niderland-Fransa mənşəli beynəlxalq “Louis Dreyfus Company” (LDC) şirkəti icarəyə götürdüyü 300 gəmidə süni intellektlə idarə olunan robotlaşdırılmış gövdə təmizləmə texnologiyasını sınaqdan keçirəcək.
“Seanews.az” xəbər verir ki, layihə robot texnologiyaları üzrə ixtisaslaşmış “Neptune Robotics” şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. Təşəbbüsün məqsədi gəmilərin istismar səmərəliliyini artırmaq və emissiyaları azaltmaqdır.
Sınaqlar Sinqapur Dəniz və Liman Administrasiyasının sualtı gəmi gövdələrinin yoxlanılması və təmizlənməsi üzrə innovasiya proqramı çərçivəsində aparılacaq. Gəmilər real istismar şəraitində yoxlanılacaq, nəticələrin isə 2028-ci ildə açıqlanması gözlənilir.
“Neptune Robotics”in robotları sualtı aparatlarla təchiz olunub. Onlar gəmi gövdələrini yoxlayır, xüsusi su şırnaqları vasitəsilə dəniz orqanizmlərinin və digər çirklənmələrin yaratdığı örtüyü təmizləyir. Sistem gövdənin dib və yan səthlərində işləyir, eyni zamanda antifaulinq örtüyünü qorumaq və təmizlənmiş materialları toplamaq üçün nəzərdə tutulub.
Şirkətin məlumatına görə, gövdədə bioloji çirklənmə yanacaq sərfiyyatını gəminin xüsusiyyətlərindən və istismar şəraitindən asılı olaraq 30%-dək artıra bilər. Robotlaşdırılmış təmizləmə bu itkilərin azaldılmasına xidmət edir.
“Neptune Robotics” bu ay dünyanın ən böyük quru yük operatorlarından biri olan “Cargill” ilə də oxşar əməkdaşlıq müqaviləsi imzalayıb.

