Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-11-19,
Seanews
Heyder Eliyev

“İlin gənc dənizçisi” nominasiyasının qalibi: “Dənizçilik həm bilik, həm də güclü xarakter tələb edir”

Dəniz: bir anlıq sakitlik, qəfil dəyişən külək, dalğaların ritmi, məsuliyyət yükü və gözlənti…Bu mühitdə qorxuya yer yoxdur, yalnız qərarvermə və dəqiqlik var.

ASCO-nun əməkdaşı, “İlin gənc dənizçisi” nominasiyasının qalibi Vüsal Hüseynli də məhz dənizin formalaşdırdığı, daha doğrusu, möhkəmləndirdiyi insanlardandır. Uşaq yaşlarından gəmiçiliyə böyük marağı olan Vüsal üçün dəniz iş yeri olmaqla yanaşı, onun xarakterini, düşüncəsini və həyat fəlsəfəsini müəyyən edən bir məktəbdir.

Vüsal Hüseynli 1997-ci ildə Bakı şəhərində doğulub. 2014-cü ildə orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Dəniz Akademiyasına qəbul olub. O, “Dəniz naviqasiyası mühəndisliyi” ixtisası üzrə təhsil alıb və 2018-ci ildə yüksək nəticələrlə Akademiyanı bitirib. Elə həmin ildən ASCO-da əmək fəaliyyətinə başlayıb. Matros kimi dəniz həyatına qədəm qoyan Vüsal, qısa müddətdə peşəkarlığı və məsuliyyətli yanaşması ilə fərqlənərək 2019-cu ildə kapitanın üçüncü, 2023-cü ildən isə ikinci köməkçisi vəzifəsinə yüksəlib.

Biz “İlin gənc dənizçisi” nominasiyasının qalibi ilə həm onun təcrübəsi, dənizçilik həyatı, həm də gələcək plan və hədəfləri barədə danışdıq.

– Vüsal bəy, gəmiçiliyə marağınız necə başladı?

Uşaqlıqdan dənizə xüsusi marağım olub. Akademiyada təhsil aldığım illərdə müəllimlərimin, eləcə də təcrübəli dənizçilərin sayəsində bu maraq peşəkar istiqamətə çevrildi.

– ASCO-da işə necə başlamısınız? 

2017-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyasında oxuyarkən ASCO tərəfindən tələbələr üçün təşkil olunan xüsusi bir layihədə iştirak etdim. Layihə çərçivəsində bizə beynəlxalq sularda təcrübə keçmək imkanı yaradıldı. Mən “Maestro Niyazi” gəmisində 6 ay təcrübədə oldum və orada gəmilərin gündəlik əməliyyatlarını, yük daşımalarını və müxtəlif iş proseslərini yaxından izlədim. Bu layihə gənclər üçün həm praktiki bilikləri artırmaq, həm də ASCO-nun verdiyi imkanlar vasitəsilə beynəlxalq təcrübə qazanmaq baxımından çox önəmli idi.

Təcrübəmi başa vurduqdan sonra ASCO-da işlə təmin olundum. O vaxtdan bəri həm Xəzər dənizində, həm də xarici sularda müxtəlif gəmilərdə, əsasən tankerlərdə çalışmışam. Bu illər ərzində qazandığım bilik və təcrübə mənə inkişaf etməyə, həmçinin ASCO-nun layihələrinin gənclərin gələcəyinə verdiyi dəyəri daha yaxşı başa düşməyə imkan verdi. Hazırda “Gəncə” tankerində kapitanın ikinci köməkçisi kimi fəaliyyət göstərirəm və hər gün bu təcrübələri işimdə tətbiq edirəm.

– “İlin gənc dənizçisi” seçilmisiniz...

Bəli, bu mükafat ilk növbədə əməyimə verilən dəyərin göstəricisidir. Eyni zamanda, bu mənim üzərimə daha böyük məsuliyyət qoyur və daha əzmlə çalışmaq üçün motivasiya verir.

– Peşəkar inkişafınızda sizi ən çox formalaşdıran təcrübə nə olub?

Ən çox çətin hava şəraitində naviqasiya zamanı qazandığım təcrübələr məni formalaşdırıb. Gözlənilməz situasiyalar, dalğalı dənizdə kursu saxlamaq, heyətin təhlükəsizliyini təmin etmək... Bunlar məsuliyyət, qərarvermə və sakitliyi qorumağı öyrədir.

– Gündəlik işinizdə sizi ən çox motivasiya edən nədir?

Dənizin özünəməxsus sakitliyi və gəmidəki komanda ruhu, birlik və həmrəylik mənim üçün ən böyük motivasiyadır.

– Dənizçiliyə yeni başlayanlara nə tövsiyə edərdiniz?

Onlara tövsiyəm daim öyrənməyə açıq olmaları, məsuliyyət hissini heç vaxt itirməmələri,verilən tapşırıqları vaxtında yerinə yetirməli və nizam-intizama ciddi yanaşmalarıdır. Dənizçilik həm bilik, həm də güclü xarakter tələb edir.

– Sizcə, uğurlu dənizçi olmaq üçün əsas bacarıqlar hansılardır?

Diqqət, məsuliyyət və çətin vəziyyətlərdə düzgün qərar vermək bacarığı uğurlu dənizçi üçün əsas xüsusiyyətlərdir. Dənizdə bir anlıq səhv bəzən böyük nəticələr doğura bilər. Ona görə də dəqiqlik və düşünülmüş qərarlar çox vacibdir.

– Fırtına və güclü dalğalar zamanı hansı əsas üsullardan istifadə edirsiniz?

Əvvəlcədən hava proqnozlarının izlənilməsi, gəminin sürət və kursunun düzgün tənzimlənməsi, heyətin vaxtında məlumatlandırılması və təhlükəsizlik qaydalarına ciddi əməl olunması bu vəziyyətlərdə əsas şərtlərdir. Dənizdə riskləri qabaqlamaq, onları aradan qaldırmaqdan daha vacibdir.

– Uzaqda olanda vaxtınızı necə dəyərləndirirsiniz?

Boş vaxtlarımda peşə biliklərimi artırıram, musiqi dinləyirəm və ailəmlə ünsiyyət qurmaq üçün ayrılan vaxtı maksimum dəyərləndirməyə çalışıram.

– Gələcək hədəfləriniz nələrdir?

Əsas məqsədim kapitan vəzifəsinə yüksəlmək və Azərbaycan dənizçiliyinin inkişafına öz töhfəmi verməkdir. Dənizçilik məsuliyyətli, eyni zamanda şərəfli bir sahədir. Mən bu sahədə daim öyrənmək və yeni nəsil dənizçilərə örnək olmaq istəyirəm.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır