“İlin gənc dənizçisi” nominasiyasının qalibi: “Peşəmə sevgi ilə yanaşıram və daim öyrənməyə çalışıram”
Dənizlər hər zaman insan üçün həm sınaq, həm də öyrənmə meydanı olub. Bu geniş "dünyada" uğur qazanmaq isə yalnız bacarıq və biliyə deyil, həm də əzmkarlığa bağlıdır. RoPax tipli “Zərifə Əliyeva” gəmi-bərəsinin növbə mexaniki Rəsul Rəsulov bu prinsipin real nümunəsidir.
2024-cü ilin “Ən gənc dənizçisi” nominasiyasının qalibi seçilən Rəsul 20 oktyabr 1997-ci ildə Xaçmaz rayonunda anadan olub. Azərbaycan Dövlət Dəniz Akademiyasını “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisası üzrə bitirib və 2021-ci ildən ASCO gəmilərində dənizçi kimi fəaliyyət göstərir.
Biz onunla həm gündəlik işlərindən, həm də qarşılaşdığı çətinliklər, əldə etdiyi uğurlar və gələcək hədəflərindən danışdıq.
– Rəsul, dənizçiliyi seçməyinizin əsas səbəbləri nə olub?
Uşaqlıqdan texnika və mühəndisliyə böyük marağım olub. Dənizçilik isə bu marağımı həyata keçirmək üçün ideal sahədir. Bu peşə mənə həm intizamı, həm məsuliyyəti öyrədir, həm də daim yeni biliklər qazanmaq imkanı verir. Peşə seçimimdə dənizçi olan dayılarımın dəstəyi və onların təcrübəsi də böyük rol oynayıb.
– “İlin gənc dənizçisi” mükafatı sizin üçün nə deməkdir?
Öncəliklə, məni bu mükafata layiq görən hər kəsə təşəkkürümü bildirirəm. Sözsüz ki, bu mənə gələcəkdə daha məsuliyyətli və təşəbbüskar olmağa stimul verir.
– ASCO-da işləmək sizin üçün nə deməkdir?
ASCO-da çalışmaq böyük fəxr və məsuliyyətdir. Burada yüksək peşəkar mühit, öyrənmək və inkişaf etmək üçün geniş imkanlar var.
– Peşəkar inkişaf yolunuzda sizi ən çox formalaşdıran təcrübə nə olub?
Təbii ki, real iş mühitində biz bir çox çətinliklərlə qarşılaşırıq. Elə bu çətinlikləri aradan qaldırmaq özü bir təcrübədir. Necə deyərlər, hər texniki problem yeni bir dərsdir.
– Ümumiyyətlə, gəmidə texniki nasazlıqları necə həll edirsiniz?
Texniki nasazlıqlara həmişə sistemli və soyuqqanlı yanaşıram. Problemi əvvəlcə düzgün analiz edirəm, sonra isə komanda ilə birlikdə uyğun və təhlükəsiz həll yollarını axtarırıq. Mənim əsas prinsipim panikaya düşmədən, məntiqlə hərəkət etməkdir.
– Sizə görə işdə uğurlu olmağın sirri nədir?
Uğurun sirri işinə sevgi ilə yanaşmaq, daim öz üzərində işləmək və kollektivdə əməkdaşlığı ön planda tutmaqdır. Uğur təsadüfi olmur, o zəhmətin nəticəsidir.
– Gəmidə vaxtınızı necə dəyərləndirirsiniz?
İşdən kənar vaxtımda özümü inkişaf etdirməyə çalışıram, texniki ədəbiyyat oxuyuram, kurslar izləyirəm. Bəzən isə musiqi dinləyir və idmanla məşğul oluram. Texnologiya və mühəndislik yeniliklərini də izləməyi çox sevirəm.
– Gələcək hədəfləriniz nədir?
Gələcəkdə sahəmdə daha yüksək ixtisas dərəcəsi qazanmaq, həm texniki, həm də idarəetmə sahəsində özümü inkişaf etdirmək istəyirəm. Eyni zamanda gənc dənizçilərə dəstək olmaq və təcrübəmi onlarla bölüşmək əsas hədəflərimdəndir.
– Yeri gəlmişkən, gənc dənizçi həmkarlarınıza nə tövsiyə edərdiniz?
Ən vacib tövsiyəm: daim öyrənməkdən və sual verməkdən çəkinməsinlər. Hədəflərinizə inanın və addım-addım irəliləyin.

