Üfüqləri fəth edən dənizçi: Ağsudan dünya okeanlarına “uzanan yol”
Müsahibimiz hazırda ASCO-nun “Dədə Qorqud” tankerində kapitanın böyük köməkçisi vəzifəsində işləyən Samir Abdullayevdir.
Samir Abdullayev 1991-ci ilin mayında Ağsunun Göydəlləkli kəndində dünyaya göz açıb. 2012-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyasını yüksək nailiyyətlərlə bitirdikdən sonra dənizçiliyin ən çətin və fundamental pilləsindən — matros vəzifəsindən işə başlayaraq addım-addım yüksəlib.

Onun xəritəsində sadəcə koordinatlar yox, Atlantik okeanının əzəməti, Şimal dənizinin sərtliyi, Aralıq və Egeyin maviliyi, Volqa-Don çaylarının mürəkkəb keçidləri həkk olunub.
Bir çox dəniz, boğaz və körfəzləri keçən, gənc yaşında böyük bir təcrübə toplayan həmsöhbətimizlə dənizçi həyatının görünməyən tərəfləri, peşəkar inkişafın çətinlikləri və gələcək hədəfləri barədə söhbət edirik.
Samir, adətən uşaqlıqda çoxu kosmonavt və ya həkim olmaq istəyir. Bəs, necə oldu ki, siz dənizi seçdiz?
Uşaqlıqdan səyahətə böyük marağım var idi. İndi geriyə baxanda anlayıram ki, məni dənizçiliyə cəlb edən amil təkcə səyahət yox, həm də bu sahənin yüksək məsuliyyət, intizam və peşəkarlıq tələb etməsi olub. Dənizçilik mənim üçün peşə olmaqla yanaşı, həm də həyat tərzidir. Bu sahədə çalışaraq özümü inkişaf etdirmək, ölkəmi beynəlxalq arenada layiqincə təmsil etmək hər zaman əsas motivasiyam olub.
Pilləkənləri bir-bir çıxmısız – matrosluqdan kapitanın böyük köməkçisi postuna qədər... Ən çox hansı məqamda "yoruldum, bəlkə qayıdım?" demisiz?
(Gülür) Yəqin ki, ilk uzunmüddətli səfərimdə. Sahildən uzaqlaşdıqca, sevdiklərinlə aranda minlərlə kilometr su olduğunu hiss edəndə adamın içindən bir sim qırılır. İnsan psixoloji olaraq sınağa çəkilir. Amma o sınaqdan keçməsən, bu gün o gəmini idarə edən adamlardan biri ola bilməzsən. Hər çətinlik mənə bir şey öyrətdi: dəniz zəifliyi sevmir.
Bir çox dənizdə işləmisiniz. Hansı dəniz sizin üçün "əsl imtahan" idi?
Şimal dənizini heç vaxt unutmaram. Bir anın içində hava elə dəyişir ki, sanki dəniz səni sınağa çəkir. Nəhəng dalğalar gəmini yelləyəndə, sən bütün biliklərini, soyuqqanlılığını ortaya qoymalısan. Şimal dənizi mənə dənizçiliyin nə qədər məsuliyyətli olduğunu və naviqasiya xətasına yer olmadığını bir daha sübut etdi.
Beynəlxalq sularda üzmək həm də fərqli mədəniyyətlər, fərqli limanlar deməkdir. Orada Azərbaycan dənizçisi kimi özünüzü necə hiss edirsiz?
Böyük bir məsuliyyətdir. Çünki xarici limanlarda sənin gəminin bayrağına və sənin davranışına baxıb ölkən haqqında fikir yürüdürlər. Orada təkcə gəmi idarə etmirsən, həm də öz mədəniyyətini təmsil edirsən. Dil bilmək, beynəlxalq konvensiyalara hakim olmaq artıq müzakirə mövzusu belə deyil, bu şərtdir. Amma ən əsası stresli anda belə soyuqqanlı olub düzgün qərar verməkdir. Çünki beynəlxalq sularda səhv baha başa gəlir.
Gəmidə qərar verərkən, xüsusən də riskli anlarda, daxili səsə qulaq asırsız, yoxsa yalnız təlimatlara?
Təlimatları görməzdən gəlmək olmaz. Amma dəniz hər dəfə kitabdakı kimi davranmır. Təhlükəsizlik hər şeydən üstündür. Tələsik verilən bir qərar gəmini də, insanları da itirməyimizə səbəb ola bilər. Ona görə də "yüz ölçüb, bir biçmək" bizim sahədə qızıl qaydadır.
.jpg)
Kapitanın böyük köməkçisi kimi əsas vəzifə və məsuliyyətləriniz nədən ibarətdir?
Kapitanın böyük köməkçisi kimi əsas vəzifələrimə naviqasiyanın təşkili, göyərtədə işlərin koordinasiyası, heyət üzvlərinin fəaliyyətinə nəzarət, təhlükəsizlik qaydalarına riayət olunmasının təmin edilməsi və kapitanın tapşırıqlarının dəqiq icrası daxildir.
Əsas hədəfiniz nədir?
Əsas hədəfim kapitan kimi fəaliyyətə başlayaraq təhlükəsiz, məsuliyyətli və peşəkar idarəetməni təmin etmək, eyni zamanda gənc dənizçilərin yetişməsinə töhfə verməkdir.
Dənizçi olmaq istəyənlərə hansı tövsiyələri vermək istərdiniz?
Dənizçi olmaq istəyən gənclərə ilk növbədə bu peşənin yüksək məsuliyyət tələb etdiyini dərk etməyi tövsiyə edərdim. Oxumaqdan, dil öyrənməkdən yorulmasınlar. Ən əsası, bu peşəni sevmirlərsə, heç başlamasınlar. Çünki sevmədən dənizin o şıltaqlığına dözmək mümkün deyil.

