Birləşmiş donanmanın dəyəri 11 milyard dollardan çox olacaq
Bermud adasında qeydiyyatdan keçmiş “Golden Ocean Group Limited” və Belçikada yerləşən “CMB.TECH NV” şirkətləri “səhmə-səhm” qaydasında birləşmə üçün müqavilə imzalayıblar.
“Seanews.ru” xəbər verir ki, birləşmə nəticəsində bir şirkətin – “CMB.TECH”-in qalacağı, “Golden Ocean”-ın “CMB.TECH”-in 100% törəmə şirkəti olan “CMB.TECH Bermuda Ltd.”-nin bir hissəsi olacağı planlaşdırılır.
Birləşmə 250-dən çox gəmidən ibarət donanma ilə dünyanın ən böyük şaxələndirilmiş gəmiçilik qruplarından birini yaradacaq.
“CMB.TECH”-in baş direktoru Aleksandr Saverisin sözlərinə görə, birləşmiş donanmanın dəyəri 11 milyard dollardan çox olacaq. “Golden Ocean”-ın baş direktoru Peder Simonsenin vurğuladığı kimi, bu, 87 müasir “Capesize” və “Newcastlemax” gəmiləri də daxil olmaqla, dünyanın ən müasir balker donanmalarından biri olacaq.
Təklif olunan birləşmənin şərtləri “Golden Ocean”-ın Direktorlar Şurası və “CMB.TECH”-in Müşahidə Şurası tərəfindən yekdilliklə təsdiq edilib.
Əməliyyat lazımi araşdırma, danışıqlar və müqavilənin bağlanması, hər iki şirkətin direktorlar şuraları və səhmdarları və tənzimləyici orqanlardan təsdiq tələb edəcək.
Tərəflər birləşməni 2025-ci ilin üçüncü rübündə başa çatdırmağı planlaşdırırlar.
“Seanews.az”