Süveyş kanalı administrasiyası sanksiyalı Rusiya tankerini təhlükəsiz əraziyə yedəkləyib
Süveyş kanalı administrasiyası Misirin Aralıq dənizi sahillərində mühərriki sıradan çıxan, ABŞ və bir sıra digər ölkələrin sanksiyalarına məruz qalan Rusiya tankerini təhlükəsiz əraziyə yedəkləyib.
“Seanews.az” bu barədə xarici mediaya istinadla xəbər verir.
AIS məlumatlarına görə, tanker sentyabrın sonundan və ya oktyabrın əvvəlindən Misir sahillərində gözləyib. Süveyş kanalı administrasiyası isə yedəkləmə əməliyyatının konkret tarixini açıqlamayıb.
Bununla belə bildirilir ki, Rusiya bayrağı altında üzən, 2006-cı ildə inşa edilmiş 37 273 ton dedveytli “Alyssum” neft məhsulları tankerinin əsas mühərrikləri Əl-Alameyn sahillərində sıradan çıxıb. Süveyş kanalı administrasiyasının rəhbəri admiral Üsamə Rəbii bildirib ki, “Sphinx Shipping Agency” şirkətindən kömək çağırışı daxil olduqdan sonra xilasetmə-yedəkləmə əməliyyatına başlanılıb.
Tanker 180 dəniz mili məsafəyə yedəklənərək Port-Səid limanının lövbər dayanacağına çatdırılıb. Burada gəminin texniki baxışdan keçirilməsi və təmiri nəzərdə tutulur.
“Alyssum” tankeri 2024-cü ilin yanvarında Rusiya neftinə tətbiq edilən G7 qiymət həddinin pozulması ilə əlaqədar ABŞ-nin sanksiya siyahısına daxil edilib. Böyük Britaniya isə 2025-ci ilin sentyabrında gəmini sanksiyalara məruz qoyub.

