Finlandiyada gəmi kapitanı və bosman sualtı kabellərə zərər vurduqlarına görə həbs ediliblər
Finlandiyanın Helsinki Məhkəməsi 2025-ci ildə Finlandiya körfəzində lövbərini dəniz dibi boyunca sürükləyərək iki sualtı telekommunikasiya kabelinə zərər vuran “Fitburg” yük gəmisinin kapitanını və bosmanını təqsirli bilib.
“Seanews.az” bu barədə xarici mediaya istinadla xəbər verir.
Məhkəmə gəminin kapitanı, Rusiya vətəndaşı 57 yaşlı Andrey Maksimenkonu 3 il 6 ay, Azərbaycan vətəndaşı olan 48 yaşlı bosman Vüsal Məcidovu isə 2 il 10 ay müddətinə azadlıqdan məhrum edib.
Məhkəmənin müəyyən etdiyinə görə, gəmi Sankt-Peterburq limanından yola düşdükdən sonra lövbərini endirib və təxminən 130 kilometr məsafədə, bir neçə saat ərzində dəniz dibi boyunca sürükləyib. Nəticədə Finlandiya ilə Estoniyanı birləşdirən iki telekommunikasiya kabeli zədələnib. Bundan başqa, gəminin lövbəri daha yeddi telekommunikasiya və elektrik kabelinin, eləcə də bir qaz boru kəmərinin üzərindən keçib.
Məhkəmə kapitan və bosmanı Finlandiyadan çıxmamaq barədə qərara baxmayaraq, dərhal həbsə göndərib. Onlar, həmçinin kabel və boru kəmərinin təmiri və yoxlanılması xərclərinə görə ümumilikdə 1,9 milyon avro təzminat ödəməlidirlər. Kapitanın payına onun gəmi komandiri kimi məsuliyyətinə görə əlavə 85 min avro düşür.

