Təhsil naziri və Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədrinin birgə brifinqi keçirilib
Mayın 7-də Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti brifinqi keçirilib. Brifinqdə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov orta və ali təhsil müəssisələrində şağird və tələbələrin qiymətləndirilməsi, orta məktəblərdə buraxılış imtahanlarının keçirilməsi, orta ixtisas və ali təhsil müəssisələrinə 2020/2021-ci tədris ili üçün qəbul imtahanlarının keçirilməsi və bir sıra əhəmiyyətli məsələlər haqqında ictimaiyyətə məlumat veriblər.
Təhsil Naziri bildirib ki, hal-hazırda ali təhsil səviyyəsində 176 min tələbə təhsil alır ki, onların da 75 faizi karantin müddətində təhsil müəssisələri tərəfindən təşkil olunmuş müxtəlif formatlı onlayn dərslərdə iştirak ediblər. Həmçinin tədrislərini son kursunda oxuyan 40 minə yaxın tələbə məlum olduğu kimi fevral ayından etibarən son diplomqabağı təcrübədə olduqları üçün məsafədən aparılan dərslərə qoşulmayıblar. Belə ki, bu tələbələr təcrübədən dərhal sonra Yekun Dövlət Attestasiya İmatahanında (YDA) iştirak edirlər. Nazir C. Bayramov burada xüsusi məqam olaraq qeyd etdi ki, son kursda oxuyan oğlan tələbələrin sonradan hərbi xidmətə çağırılması ilə əlaqədar olaraq YDA imtahanları akademik təqvimə uyğun vaxtında keçirilməsi planlaşdırılır.
Nazir həmçinin ali və orta ixtisas təhsil müəssisələrində yay imtahan sessiyasının iyun-iyul aylarında keçirlməsinin mümkünlüyünü nəzərə çatdırıb. O həmçinin qeyd edib ki, tələbələrin biliyinin qiymətləndirilməsi hər bir ali və orta ixtisas təhsil müəssisəsinin Elmi (pedaqoji) Şurasınını qərarı əsasında tənzimlənəcək.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 2020-ci ildə keçiriləcək imtahanlar barədə məumat verib. DİM sədrinin sözlərində görə bu il buraxılış və qəbul imtahanları ötən illərdən fərqli olaraq bir mərhələdə aparılacaq.
Ali və orta ixtisas təhsil müəssisələrinə sənəd qəbulunu 12 may-5 iyun arasında ötən illərdə olduğu kimi Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytı üzərindən elektron qaydada aparılmasının nəzərdə tutuluduğunu deyən DİM sədri bu barədə elanın yaxın günlərdə təmsil etdiyi qurumun saytında yerləşdiriləcəyini diqqətə çatdırdı.
M. Abbaszadə bildirdi ki, ali təhsil müəssisələrinə qəbul imtahanları 2020-ci ilin 20 iyul tarixindən sonra 1 dəfə keçirilməsi nəzərdə tutulur. Əvvəlki illərdə olduğu kimi, müsabiqə buraxılış və qəbul imtahanlarında toplanılan ballar əsasında 700 ballıq şkala əsasında aparılacaq.
Həm 9, həm də 11-ci sinif şağirdlərinin biliklərinin qiymətləndirilməsi zamanı mart, aprel, may və iyun aylarında proqram üzrə keçirilməsi nəzərdə tutulan mövzular imtahan suallarına daxil edilməyəcək.