Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-11-17,
Seanews
Heyder Eliyev

Dəniz dronlarının hücumuna məruz qaldığı bildirilən yük gəmisi Bolqarıstan sahillərində batıb

Təxminən 3 min ton buğda daşıyan Somali bayraqlı “BETUL 8” yük gəmisi bazar ertəsi Bolqarıstan sahillərində çevrilərək batıb. Hadisə gəmi heyətinin iki dəniz dronunun hücumuna məruz qaldıqlarını bildirməsindən sonra baş verib. Gəmidəki 12 nəfərin hamısı xilas edilib.

“Seanews.az” xarici mediaya istinadla xəbər verir ki, Bolqarıstanın Dəniz Xilasetmə üzrə Koordinasiya Mərkəzinə yerli vaxtla saat 09:15-də gəminin batmaqda olduğu barədə həyəcan siqnalı daxil olub. Hadisə Kaliakra burnundan təxminən 40 dəniz mili cənub-şərqdə, Bolqarıstanın müstəsna iqtisadi zonasında qeydə alınıb.

Rumıniyanın Tulça limanından Misirə doğru hərəkət edən gəmi buğda yükü daşıyırmış. Heyət üzvlərinin ifadələrinə əsasən, gəmi çevrilməzdən əvvəl ona iki pilotsuz suüstü aparat zərbə endirib. Hücumun kim tərəfindən həyata keçirildiyi və dronların mənşəyi hələlik məlum deyil.

Xilasetmə əməliyyatına Bolqarıstan Hərbi Hava Qüvvələrinin iki helikopteri, bir Su-25 təyyarəsi, eləcə də Bolqarıstan, Rumıniya və Türkiyənin hərbi-dəniz qüvvələrinə məxsus gəmilər cəlb olunub. Dənizçilər təxliyə edilərək Bolqarıstanın Çayka hərbi-dəniz aviabazasına çatdırılıblar. Onların ümumi vəziyyətinin yaxşı olduğu, lakin soyuqdan əziyyət çəkdikləri bildirilir. Heyət üzvlərindən birinin başından yüngül xəsarət aldığı qeyd olunur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır