Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-11-18,
Seanews
Heyder Eliyev

Ədən körfəzində quldurların gəmini ələ keçirmək cəhdinin qarşısı alınıb  

Yəmən sahillərində, Ədən körfəzində yük gəmisinə yaxınlaşan şübhəli qrupun gəmiyə minməsinə silahlı mühafizəçilər imkan verməyib.

“Seanews.az” xarici mediaya istinadla xəbər verir ki, hadisə noyabrın 17-də Yəmənin Əl-Mukəlla şəhərindən təxminən 50 dəniz mili cənub-qərbdə baş verib. Naməlum yük gəmisinə yaxınlaşan kiçik qayıqda silahlar və gəmiyə qalxmaq üçün nərdivanlar müşahidə olunub. Gəmidəki silahlı mühafizə qrupu xəbərdarlıq atəşi açdıqdan sonra qayıq istiqamətini dəyişərək ana gəmiyə qayıdıb.

Bundan bir gün əvvəl Yəmənin Sokotra adasından 430 dəniz mili şərqdə hərəkət edən tankerin kapitanı da şübhəli fəaliyyət barədə məlumat verib. Silahlı dörd nəfərin və nərdivanın olduğu kiçik qayıq tankeri təqib etsə də, gəmi ondan yayınmağa müvəffəq olub.

Ümumiyyətlə, oktyabrın ortalarından etibarən Hind okeanının qərb hissəsində dəniz quldurlarının fəallığının yenidən artması müşahidə olunur. Avropa İttifaqının “ATALANTA” dəniz əməliyyatı qüvvələri ötən ay piratların nəzarətində saxlanılan gəmilərin demək olar ki, hamısının azad edilməsində iştirak edib. Bununla belə, iyulun 17-də ələ keçirilmiş “Asana” məhsul tankerinin hələ də quldurların əlində olduğu bildirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır