Tankerin çırpıldığı çay kruiz gəmisi aşıb, 32 nəfər xəstəxanaya yerləşdirilib
Noyabrın 13-də ABŞ-nin Yeni Orlean şəhərində Missisipi çayında “Atlantic Asphalt” tankeri dayanacaqda olan “American Heritage” çay kruiz gəmisinə çırpılıb. Toqquşma nəticəsində kruiz gəmisi böyrü üstə çevrilərək qismən batıb, 32 nəfər xəstəxanaya yerləşdirilib.
“Seanews.az” xarici mediaya istinadla xəbər verir ki, hadisə kruiz gəmisinin bir həftəlik səfərini başa vuraraq sərnişinləri düşürdüyü zaman baş verib. Tanker həmin vaxt çayın şimal istiqamətində hərəkət edirmiş. İlkin məlumata görə, gəmidə sükan idarəetmə sistemində nasazlıq yaranıb. Lakin hadisənin dəqiq səbəbi hələ müəyyən edilməyib.
Yeni Orlean liman polisinin məlumatına görə, gəmi aşmazdan əvvəl 87 nəfər onu tərk edə bilib. Xilasetmə əməliyyatına liman polisi, yanğınsöndürənlər və könüllülər cəlb olunub. Xəstəxanaya çatdırılan 32 nəfərdən 30-u sərnişin, ikisi isə polis əməkdaşı olub.
Toqquşma nəticəsində “Thalia Street Terminal” körpüsünə də ciddi ziyan dəyib. Təmir xərclərinin 1 milyon dolları ötəcəyi gözlənilir.
Yeni Orlean limanı dəymiş ziyanın ödənilməsini tələb edir. Bu səbəbdən limanın Komissarlar Şurası kruiz gəmisinə çırpılaraq onun aşmasına səbəb olan “Atlantic Asphalt” tankerinin sahibi və operatorundan 1 milyon dollardan çox təzminat tələb edən məhkəmə iddiası qaldırıb. Məhkəmə limanın təcili müraciətini təmin edərək tankerin müsadirə olunması barədə qərar çıxarıb.


