““Wärtsilä” metan emissiyalarını azaltmaq üçün 3 LNG daşıyıcısının mühərriklərini yeniləyib
Finlandiyanın texnologiya şirkəti “Wärtsilä” “Chevron Transport Corporation” tərəfindən istismar olunan üç LNG daşıyıcısının hər birində bir mühərrikin ikiyanacaqlı (DF) iş rejimindən qazla alışdırılan (SG) iş rejiminə keçirilməsini uğurla başa çatdırıb.
“Seanews.az” xəbər verir ki, layihənin məqsədi mayeləşdirilmiş təbii qazla (LNG) işləyən mühərriklərdə yanma zamanı atmosferə buraxılan metanın miqdarını azaltmaqdır.
Yeni sistemdə yanacağın alışdırılması dizel pilot yanacağı əvəzinə elektriklə idarə olunan qığılcım vasitəsilə həyata keçirilir. Bu texnologiya metan emissiyalarını azaltmaqla yanaşı, mühərrikin səmərəliliyini də artırır.
“Wärtsilä”nın hesablamalarına görə, yenilənmiş mühərriklərdə metan emissiyalarının yanacaq sərfinə nisbəti Beynəlxalq Dəniz Təşkilatının (IMO) E2 sınaq dövrü üzrə orta göstəricisinə əsasən 1,1 faizə qədər azalır.
Daha üç LNG daşıyıcısının mühərriklərinin də bu texnologiyaya uyğunlaşdırılması planlaşdırılır. Bununla, yenilənmiş mühərriklərlə təchiz edilən gəmilərin ümumi sayı altıya çatacaq.

