Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-11-03,
Seanews
Heyder Eliyev

Çin süni intellektlə təchiz edilmiş sualtı aparatın sınaqlarını başa çatdırıb

Çin Sakit okeanın Filippin hövzəsində “Jiaolong” insanlı sualtı aparatının təkmilləşdirilmiş süni intellekt sistemi ilə dəniz sınaqlarını keçirib. Sınaqlar zamanı aparat təxminən 7 056 metr dərinliyə enib.

“Seanews.az” xəbər verir ki, yeni sistem gələcəkdə nüvə sualtı qayıqlarında qərar qəbul etmə və fövqəladə hallara operativ reaksiya imkanlarını yaxşılaşdıra bilər.

“Jiaolong” aparatının yeni imkanlarına dəniz dibinin təhlili, avadanlıqlardakı nasazlıqların müəyyənləşdirilməsi və tədqiqat marşrutu üzrə tövsiyələrin verilməsi daxildir. Nasazlıq aşkarlandıqda sistem onun aradan qaldırılması yollarını təklif edir, əvvəlki oxşar hallarla bağlı məlumatlar verir.

800 mindən çox təsvir əsasında öyrədilmiş süni intellekt modeli sualtı mühitdəki obyektləri, dəniz canlılarını və mümkün təhlükələri bir-birindən fərqləndirməyi bacarır. Sistem həmçinin aparatın hərəkət marşrutunu üçölçülü formatda canlandıra, geoloji xüsusiyyətləri təhlil edə və dəniz dibinin tərkibi, canlılar və temperatur dəyişiklikləri barədə ətraflı hesabatlar hazırlaya bilir.

Əsasən elmi tədqiqatlar üçün nəzərdə tutulan bu texnologiyanın müəyyən dəyişikliklərdən sonra hərbi məqsədlərlə də istifadəsi mümkündür. Məsələn, nüvə sualtı qayıqlarında sonar məlumatlarının təhlili, sualtı təhlükələrin və qeyri-adi akustik siqnalların müəyyənləşdirilməsi üçün tətbiq oluna bilər.

“Jiaolong” Çində müstəqil layihələndirilmiş ilk dərin dəniz tədqiqat aparatı hesab olunur. Mifologiyadakı dəniz əjdahasının adını daşıyan aparat iki pilot və bir tədqiqatçı üçün nəzərdə tutulub. O, “Deep Sea No.1” ana gəmisindən suya buraxılır və gəminin arxa hissəsindəki kran vasitəsilə göyərtəyə qaldırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır