“Kawasaki” gəmiqayırma zavodları üçün dırmaşa bilən robot təqdim edib
Yaponiyanın “Kawasaki Heavy Industries” şirkəti gəmiqayırma zavodlarında istifadə üçün süni intellektlə təchiz edilmiş, maqnitli ayaqları vasitəsilə şaquli səthlərdə hərəkət edə bilən robotun prototipini təqdim edib.
“Seanews.az” xəbər verir ki, hazırda təxminən 60 santimetr uzunluğunda olan robotun gələcək versiyasının gəmi gövdələrinin şaquli səthlərində qaynaq işləri aparması və qaynaq birləşmələrini yoxlaması nəzərdə tutulur. Belə robotların istifadəsi yüksək hündürlükdə işləmək üçün xüsusi avadanlıqlara və insan əməyinə ehtiyacı azaltmağa imkan verə bilər.
“Kawasaki Heavy Industries” süni intellektin istehsalat proseslərinə tətbiqini genişləndirməyi planlaşdırır. Şirkət qarşıdakı dörd il ərzində bütün istehsal bölmələrində bu istiqamətdə 3,5 milyard dollar investisiya qoymağı nəzərdə tutur. İlkin sınaqların şirkətin Kaqava prefekturasındakı Sakaide gəmiqayırma zavodunda aparılması planlaşdırılır.
Şirkət 2030-cu ilədək müxtəlif insan əməyinin yerinə yetirilməsində istifadə oluna biləcək süni intellektlə idarə olunan humanoid robot hazırlamağı da hədəfləyir.

