Almaniya dəniz texnologiyalarının sınağı üçün üzən laboratoriya yaradıb
Almaniya dəniz texnologiyalarını real şəraitdə sınaqdan keçirmək üçün yeni üzən laboratoriya yaradıb. Almaniya Aerokosmik Mərkəzinin (DLR) 48 metr uzunluğundakı “MODULARIS” tədqiqat platforması sentyabrın 17-də Flensburqdakı FSG tərsanəsində ilk dəfə suya buraxılıb.
“Seanews.az” xəbər verir ki, gəminin gövdəsinin hazırlanması başa çatıb. Növbəti mərhələdə isə ona əlavə hərəkət sistemləri, batareyalar, naviqasiya və rabitə avadanlıqları, sensorlar və avtomatlaşdırma texnologiyaları quraşdırılacaq.
“MODULARIS”də yanacaq elementləri, batareyalar, metanol, ammonyak və hidrogen kimi alternativ yanacaqlar, avtonom naviqasiya, eləcə də yeni sensor, rabitə və naviqasiya sistemlərinin sınaqdan keçirilməsi planlaşdırılır. Təcrübələrdən əvvəl onların rəqəmsal əkiz vasitəsilə simulyasiya edilməsi nəzərdə tutulur.
11,5 metr enində olan gəmi 20 nəfərədək tədqiqatçını qəbul edə və yeddi günədək səfərlər həyata keçirə biləcək. Əsasən Şimal və Baltik dənizlərində fəaliyyət göstərəcək platformanın sonradan Aralıq dənizində də istifadə olunması planlaşdırılır.

