“Hoopo” konteynerlərdə yanğınların erkən aşkarlanması üçün yeni texnologiyasını təkmilləşdirib
Aktivlərin izlənməsi və idarə olunması üzrə texnologiyalar təqdim edən “Hoopo” şirkəti quru yük konteynerlərində yanğınların erkən aşkarlanması alqoritmini təkmilləşdirib. Sistem nəzarətli yanğın sınaqları və real şəraitdə qeydə alınmış 7,2 milyard temperatur göstəricisi əsasında sınaqdan keçirilib.
“Seanews.az” xəbər verir ki, texnologiya günəş enerjisi ilə işləyən “hoopoSense Solar” ağıllı konteyner cihazına inteqrasiya edilib. Konteynerin daxilində infraqırmızı sensorlar vasitəsilə temperaturu izləyən sistem yanğına işarə edə biləcək qeyri-adi istilik dəyişikliklərini aşkarlayaraq xəbərdarlıq göndərir.
Nəzarətli yanğın sınaqları zamanı sistem alovlanmadan təxminən üç dəqiqə sonra xəbərdarlıq verib. Yüz minlərlə konteynerdən bir neçə ay ərzində toplanmış məlumatların təhlili isə nasaz sensorlar istisna olmaqla, normal temperatur dəyişiklikləri səbəbindən yanlış xəbərdarlıq qeydə alınmadığını göstərib.
Alqoritm yalnız temperatur həddini deyil, həm də onun yüksəlmə sürətini qiymətləndirir. Bununla günəş şüaları, iqlim şəraiti və gündəlik temperatur dəyişiklikləri nəticəsində yaranan istiliklə yanğın təhlükəsi yaradan dəyişiklikləri fərqləndirmək mümkün olur.
Şirkətin məlumatına görə, “hoopoSense Solar” cihazı konteynerlərin yerini izləmək, qapıların vəziyyətinə nəzarət etmək və donanma üzrə məlumatları təhlil etmək funksiyalarına da malikdir. Qurğu 12 ildən artıq işləmək üçün nəzərdə tutulub və ATEX Zone 1 standartına uyğun sertifikatlaşdırılıb.
Qeyd edək ki, “Allianz” şirkətinin “2026-cı il üzrə təhlükəsizlik və gəmiçilik icmalı”nda konteyner gəmilərində təxminən hər 17 gündən bir yanğın baş verdiyi bildirilir.

