Pilotsuz suüstü gəmi ilk dəfə aviadaşıyıcı zərbə qrupu ilə birlikdə səfərə çıxıb
ABŞ Hərbi Dəniz Qüvvələri Sakit okeanda hərəkət edən “USS Theodore Roosevelt” aviadaşıyıcı zərbə qrupunun tərkibində orta ölçülü pilotsuz suüstü gəminin də fəaliyyət göstərdiyini təsdiqləyib. Bu, böyükölçülü pilotsuz suüstü gəminin aviadaşıyıcı zərbə qrupuna ilk dəfə qoşulmasıdır.
“Seanews.az” xəbər verir ki, oktyabrın 8-də San-Dieqodan səfərə çıxan aviadaşıyıcı qrupla birlikdə fəaliyyət göstərən “Seahawk” pilotsuz gəmisi 2017-ci ildən hazırlanır. “Leidos” şirkətinin istehsal etdiyi gəmi uzun müddət texniki xidmətə və ekipaja ehtiyac olmadan işləmək üçün layihələndirilib.
2021-ci ildə təqdim edilən “Seahawk” ilkin olaraq müşahidə avadanlıqlarının və sualtı qayıqların aşkarlanması üçün sonar sisteminin daşınması məqsədilə nəzərdə tutulub. Gəminin hazırkı missiya üçün hansı avadanlıqlarla təchiz edildiyi isə açıqlanmayıb.
ABŞ Hərbi Dəniz Qüvvələrinin rəhbərliyinin nümayəndəsi Hunq Kao pilotsuz gəmilərin zərbə qruplarının imkanlarını artırdığını bildirib. Onun sözlərinə görə, ABŞ qüvvələri Hörmüz boğazında minaların təmizlənməsi zamanı da ekipajları riskə atmamaq üçün pilotsuz sualtı aparatlardan istifadə edib.

