Gəmi mexanikliyindən sözün zirvəsinə: Hüseyn Məmmədovun 80 illik şərəfli ömür yolu - VİDEO
Hüseyn Məmmədov 15 aprel 1946-cı ildə Şərur rayonunun Şəhriyar kəndində anadan olub.
1968-ci ildə Bakı Dəniz Yolları Məktəbini bitirib. Xəzər Dəniz Gəmiçiliyində 4-cü mexanik kimi fəaliyyətə başlayıb. Qısa zamanda özünü peşəsinin mahir ustası kimi təsdiqləyib – baş mexanik təyin olunub.
İstehsalatdan ayrılmadan Odessa Dəniz Donanması Mühəndisləri İnstitutunda təhsil alıb.
1985-ci ildən Xəzər Dəniz Neft Donanmasında çalışıb. 1985–1997-ci illərdə baş mexanik vəzifəsindən XDND-nin Texniki Xidmət və Təmir Bazasının baş mühəndisi vəzifəsinədək yüksəlib. 1997-ci ildə İxtisaslaşdırılmış Dəniz Neft Donanması İdarəsinin baş mühəndisi təyin edilib. Bir müddət Azərbaycan Dövlət Dəniz Akademiyasında baş müəllim vəzifəsində çalışıb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858–2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
Ömrünün 50 ildən çoxunu dalğalara həsr etmiş veteran dənizçi həm də Hüseyn Sözlü imzasıyla şair və bəstəkar kimi tanınır.
Zəngin yaradıcılığa malik Hüseyn Sözlünün 10 şeir kitabı var. Bundan əlavə, Azərbaycan Dövlət Dəniz Akademiyası üçün "Gəmi köməkçi mexanizmləri, sistemləri və onların istismarı" dərsliyinin müəllifidir.
Hüseyn Sözlünün Azərbaycanda və Türkiyədə onlarla musiqi albomu buraxılıb, mahnılarına Azərbaycanda və Türkiyədə kliplər çəkilib. 2000-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Rəsul Rza mükafatına, beynəlxalq "Qızıl qələm" mükafatına layiq görülüb. Türk dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasnın "Qızıl ulduz" medalı ilə, Azərbaycan Yazıçılar Birliyinin fəxri diplomu ilə təltif edilib.

