Fırtına müharibə zamanı zədələnmiş daha bir tankeri Türkiyə sahilinə çıxarıb
Güclü külək və dalğalanma nəticəsində Liberiya bayrağı altında üzən “Banda” tankeri İstanbulun şimalında, Sarıyer sahillərində saya oturub.
“Seanews.az” xəbər verir ki, Türkiyə Sahil Mühafizəsi gəminin vəziyyətinə müdaxilə edib. Gəmidəki Türkiyə vətəndaşları olan 6 heyət üzvünün durumunun yaxşı olduğu bildirilir. Fırtına səngidikdən sonra tankerin sahildən çıxarılması gözlənilir.

105 576 ton dedveytə malik tanker iyulun 14-də Novorossiysk limanından təxminən 70 dəniz mili cənub-qərbdə Ukraynanın hücumuna məruz qalıb. Zərbə nəticəsində gəminin arxa hissəsində partlayış və yanğın baş verib, maşın şöbəsini su basıb. Xilasetmə və təmir işlərindən sonra tanker avqustun 19-da Türkiyədəki lövbər dayanacağına gətirilib.
“Banda” bu həftə Türkiyə sahillərində fırtına səbəbindən saya oturan ikinci tankerdir. Onun yenidən hücuma məruz qalıb-qalmadığı isə məlum deyil.

