“Disney Imagination” Yaponiyadan səfərlərə başlayacaq ilk Disney kruiz gəmisi olacaq
“Oriental Land” şirkəti Yaponiyadan kruiz səfərləri həyata keçirəcək ilk Disney gəmisinin adını açıqlayıb. “Disney Imagination” adlandırılan gəminin 2029-cu ilin yazında Tokiodan səfərlərə başlaması planlaşdırılır.
“Seanews.az” xəbər verir ki, gəmi “Disney Cruise Line Japan” layihəsi çərçivəsində fəaliyyət göstərəcək. Layihəni Tokiodakı “Disney Resort” əyləncə kompleksini idarə edən “Oriental Land” şirkəti Disney lisenziyası əsasında həyata keçirir.
“Wish” sinfinə aid yeni gəmi sərnişinlərə Disney üslubunda əyləncə proqramları, müxtəlif restoranlar və yüksək xidmət səviyyəsi təqdim edəcək. Gəminin arxa hissəsində “Kiçik su pərisi” animasiya filmindən Ariel obrazı yer alacaq.
Gəminin göyərtəsindəki xidmətlər və gələcək marşrutlar barədə əlavə məlumatların daha sonra açıqlanacağı bildirilir.

