Dünyada ammonyakla işləyən ilk quru yük gəmisi Avstraliyaya birinci səfərinə çıxıb
“CMB.TECH” şirkətinə məxsus, ammonyak yanacağı ilə işləyən “Mineral Europa” quru yük gəmisi Avstraliyaya ilk səfərinə başlayıb. Çindəki “Qingdao Beihai” gəmiqayırma zavodunda inşa edilən gəminin dedveyti 210 min tondur.
“Seanews.az” xəbər verir ki, gəmi ammonyak və ənənəvi dəniz yanacağı ilə işləyə bilən ikili yanacaq sisteminə malikdir. Bununla belə, şirkətin açıqlamasında gəminin ilk səfər zamanı ammonyakdan istifadə edib-etmədiyi və faktiki emissiya göstəriciləri barədə məlumat verilməyib.
“CMB.TECH” 2029-cu ilədək donanmasına ammonyakla işləyən daha 21 gəmi əlavə etməyi planlaşdırır. Bu sıraya 18 quru yük gəmisi, iki kimyəvi məhsul tankeri və bir konteyner gəmisi daxildir. Şirkət yeni texnologiyanı dəniz nəqliyyatında karbon emissiyalarının azaldılması istiqamətində mühüm addım kimi qiymətləndirir.

