Dünyanı dəyişən ixtira
17 oktyabr 1855-ci il: “Polad erası”nın başlanğıcı
Bu tarixə qədər dünyada polad istehsalı uzun, yorucu və inanılmaz dərəcədə baha başa gələn bir proses idi. Metallurqlar polad əldə etmək üçün saatlarla çuqunla dəmir qırıntılarını sobalarda "qarışdırır" (pudlinqləmə üsulu), bu yolla ərintidən artıq karbonu yandıraraq çıxarırdılar. Proses böyük vaxt və enerji itkisi ilə müşayiət olunur, sonda isə çox az miqdarda material alınırdı.
Yüksək maya dəyəri səbəbindən poladdan yalnız xüsusi sifarişlərlə soyuq silahlar, məişət əşyaları, aksessuarlar və saat yayları hazırlayardılar. O dönəmdə belə qiymətli materialdan körpü tikmək və ya rels döşəmək iqtisadi baxımdan qeyri-mümkün idi. Lakin 1855-ci il oktyabrın 17-də britaniyalı Henri Bessemerin patentləşdirdiyi ixtira metallurgiyada inqilabi dönüş yaratdı və bəşəriyyət yeni — “polad erası”na keçid etdi.
Henri Bessemer kim idi?
Poladəritmə üzrə 2321 nömrəli Britaniya patentini alan Henri Bessemer tanınmış mətbəəçi və ixtiraçı Entoni Bessemerin ailəsində dünyaya gəlmişdi. Erkən yaşlarından mexanika və metallurgiyaya həvəs göstərən Henri ali təhsil almasa da, zəngin təcrübəsi sayəsində tamamilə yeni poladəritmə metodu işləyib hazırladı.
Sonralar müəllifin adını daşıyan bu üsul təxminən yüz il ərzində dünya polad istehsalının əsas metoduna çevrildi. İxtira həm də Bessemerin yaşadığı Şeffild şəhərini qısa müddətdə nəhəng sənaye mərkəzinə — “polad şəhəri”nə döndərdi. Ümumilikdə 100-dən artıq ixtiranın müəllifi olan Bessemer Böyük Britaniyada böyük şöhrət qazandı.
Bessemerlənmə üsulunun mahiyyəti
Metodun əsasını armudvari formada xüsusi qab — konverter təşkil edirdi. Qaba əridilmiş çuqun töküldükdən sonra aşağıdan böyük təzyiq altında sıxılmış hava vurulurdu. Bu zaman maye çuqunun tərkibindəki silisium, manqan və artıq karbon oksidləşir, nəticədə çuqun polada çevrilirdi.
Bessemer prosesinin əsas üstünlüyü əlavə yanacaq tələb etməməsi idi. Qarışıqlar yanarkən ayırdıqları yüksək istilik ərintini daha da qızdırırdı. Pudlinqləmə zamanı saatlarla çəkən proses burada cəmi 15-20 dəqiqəyə başa çatır, çuqun sürətlə polada çevrilirdi. Bu isə poladı ilk dəfə olaraq nəhəng sənaye həcmlərində istehsal etməyə imkan verdi.

FOTO 2. Bessemer konverterinin sxemi
Müflisləşmə təhlükəsi və görünməz düşmən
İxtira elan olunan kimi metallurgiya sahəsində fəaliyyət göstərən sahibkarlar lisenziya almaq üçün növbəyə düzüldülər. Britaniyanın beş böyük poladəritmə zavodu dərhal Bessemerdən fantastik məbləğə — hər biri 10 000 funt sterlinqə lisenziya satın aldı. Lakin sənayeçilər prosesi öz müəssisələrində tətbiq edərkən gözlənilməz fəlakətlə üzləşdilər: konverterlərdə möhkəm polad əvəzinə kövrək, istifadəyə yararsız metal kütləsi alındı.
Zavod sahiblərinin uğradığı böyük zərər qalmaqala səbəb oldu. Mətbuat Bessemeri fırıldaqçılıqda ittiham etdi, lisenziya alanlar isə pullarını geri tələb etməyə başladılar. İxtiraçı nüfuzunu və sərvətini itirmək təhlükəsi ilə üzləşdi.
Uğursuzluğun səbəbi isə “görünməz düşmən”də idi. Bessemer uğurlu təcrübələrini laboratoriyada, tərkibində kükürd və fosfor olmayan təmiz İsveç çuqunu ilə aparmışdı. Zavodlar isə yerli — tərkibi kükürdlə zəngin Britaniya çuqunundan istifadə edirdi. Yeni üsuldan istifadə zamanı artıq karbon və silisium yansa da, zərərli qarışıqlar metalda qalırdı. Nəticədə polad soyuduqca kövrəkləşir və hər hansı bir zərbədən çatlayırdı.
Robert Muşetin xilasedici müdaxiləsi
İnadkar ixtiraçı aylarla sınaqlar aparsa da, problemi təkbaşına həll edə bilmədi. Çıxış yolunu ingilis metallurq Robert Muşet təklif etdi. Onun iki mərhələli həlli belə idi:
Tam karbonsuzlaşdırma: Əvvəlcə Bessemer üsulu ilə çuqundakı bütün karbon və qarışıqlar yandırılaraq təmiz dəmir əldə edilir.
Şpigel əlavəsi: Ardınca konverterə dəqiq miqdarda şpigel (tərkibində 10—25 % manqan olan xüsusi çuqun növü) əlavə olunur.
Manqan ərintidəki oksigen və kükürdü şlaka çevirərək xaric edir, polada isə möhkəmlik üçün tələb olunan dəqiq miqdarda karbonu geri qaytarırdı.
Bessemer bu təkmilləşdirmənin hüquqlarını Muşetin borclarını ödəmək və ona ömürlük pensiya kəsmək şərtilə satın aldı. Texnologiyanı tam dəqiqləşdirdikdən sonra uğursuz lisenziyaların hamısını geri aldı. Daha sonra Şeffilddə öz zavodunu tikərək bazara misli görünməmiş ucuzluqda polad çıxardı. Yenidən lisenziya almaq üçün qayıdan sahibkarlara isə lisenziyaları artıq dəfələrlə baha qiymətə təqdim etdi.

FOTO 3. Şeffilddəki Sənaye Tarixi Muzeyində saxlanılan Henri Bessemerin konverteri
Bu inqilabi üsul müəllifinə böyük sərvət və 1879-cu ildə Cəngavər titulunu bəxş etdi.
Bessemer poladı Xəzərdə: “Zoroastr” tankeri
Bessemer poladının zəfər yürüşü Azərbaycanın gəmiçilik tarixi ilə də sıx bağlıdır. Nobel qardaşlarının 1878-ci ildə Xəzərdə istismara verdikləri dünyanın ilk uğurlu neft tankeri — “Zoroastr” məhz Bessemer poladından inşa edilmişdi.

FOTO 4. “Zoroastr” tankeri
1877-ci ildə məşhur sənayeçi Lüdviq Nobel Xəzərdə kerosin və nefti daha təhlükəsiz daşımaq üçün ideya irəli sürdü: maye yükü birbaşa gəminin gövdəsində yerləşdirilmiş çənlərdə daşımaq. Gəminin layihəsi hazır olandan sonra onun hansı materialdan hazırlanacağı müzakirələrə səbəb oldu: adi dəmir həddən artıq ağır idi. Nobel çıxış yolunu o dövrün inqilabi materialı olan Bessemer poladında gördü.
Gəminin tikintisi üçün İsveçin “Motala” zavodu seçildi. Bessemer poladı gəmiyə iki böyük üstünlük qazandırdı:
Yüngüllük və elastiklik:Gövdə təbəqələri dəmirlə müqayisədə daha nazik və yüngül işləndi. Bu da tankerin yükgötürmə qabiliyyətini dövrün maksimal həddinə – 240 tona çatdırdı.
Hermetiklik və möhkəmlik:Polad arakəsmələr maye yükün təhlükəsiz saxlanılmasını və sızmanın qarşısının alınmasını təmin etdi.
Gəmi Xəzərə gətirilərkən bəzi çətinliklər yaşandı. Konstruksiyaya görə gövdənin içində 8 (bəzi mənbələrdə 11) çən quraşdırılmışdı. “Zoroastr” Sankt-Peterburqa çatanda məlum oldu ki, onun suyaoturumu Marinski kanal sistemindən keçməyə imkan vermir. Bu səbəbdən çənlər nömrələnərək söküldü, gəmi Bakıya çatdıqdan sonra yenidən yerinə quraşdırıldı.
İstismar zamanı məlum oldu ki, “Zoroastr”ın polad gövdəsi deformasiyaya və təzyiqə həddən ziyadə davamlıdır. Lüdviq Nobel çənləri gəmidən çıxarmağı və nefti birbaşa trümə vurmağı əmr etdi. Bu addım gəmidə böyük həcmdə yer azad etdi və tankerin yükgötürmə qabiliyyətini 240 tondan 600 tona qaldırdı.
“Zoroastr” Xəzər dənizi və Volqa çayında uğurla istismar edilərək bütün dünyaya sübut etdi ki, gəmiqayırmanın gələcəyi Bessemer poladındadır.
Bessemer prosesindən sonrakı mərhələ
Keçən əsrin 70-ci illərinin sonunda Bessemer prosesi üçün tələb olunan xüsusi tərkibli (fosforu 0,025–0,03% olan) filiz ehtiyatlarının azalması, habelə Bessemer konverterinin tutumca məhdud (50 t-a qədər) olması metallurgiyada bu üsulun əvəzinə marten və oksigen-konvertor kimi digər perspektivli proseslərdən istifadəni zəruri etdi.
Sevda Abdullayeva — İctimaiyyətlə əlaqələr departamentinin aparıcı mütəxəssisi

