Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

8-ci ASCO üçün nə ilə yadda qaldı?-VİDEO+

Azərbaycanda gəmiçiliyin fəaliyyəti 160 illik tarixə söykənir. Məhz, Xəzər Dəniz Gəmiçiliyinin əsası 1858-ci il mayın 21-də “Qafqaz və Merkuri” Səhmdar Cəmiyyətinin yaradılması ilə qoyulub. 160 illik təcrübəyə malik Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi bu gün ənənələrinə, misiyasına sadiq qalaraq öz fəaliyyətini uğurla davam etdirir.   İndi Azərbaycanda dənizçilik sektoru özünün yüksəliş dövrünü yaşayır. Əminliklə demək olar ki, dənizçiliyin son dövrlərdəki inkişafı Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqətinin nəticəsidir. Geridə qoyduğumuz 2018-ci il də məhz bu qayğı və diqqətin nəticəsində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tarixinə uğurlu il kimi yazıldı. 2018-ci ili Gəmiçilik üçün ən önəmli və əlamətdar illərdən də hesab etmək olar. Ona görə ki, bu il Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyi qeyd olundu. BAKU SAİLİNG REGATTA – 2018 Yubiley ilinə Ümummillli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Baku Sailing Regatta – 2018” (Yelkənli qayıqların yarışı) ilə start verildi. Dənizkənarı Milli Parkda təşkil olunan Regatta Çərçivəsində müxtəlif əyləncəli proqramlar, oyunlar və viktorinalar keçirildi. Bundan başqa, açıq havada sərgi təşkil edildi. Burada paytaxt sakinləri və şəhərin qonaqları gəmi və dənizçiliyə aid maraqlı eksponatlarla tanış ola bildilər. Həmçinin, yarış boyunca sahildə qayıqların nümayişi baş tutdu. ÜÇ ƏSRLİK TARİXİ ƏKS ETDİRƏN FİLM Yubileylə əlaqədar görülən işlərdən biri də Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin zəngin tarixini əks etdirən sənədli filmin hazırlanması oldu. Tanınmış araşdırmaçı-jurnalist Fuad Axundovun çəkdiyi “Azərbaycanda gəmiçilik: Tarixin səhifələri” adlı filmdə ölkəmizin zəngin dənizçilik ənənələrinə, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik tarixinə nəzər salınıb, dənizçi sülalərindən, gəmiçilərin fədakarlığından bəhs olunub. Həmçinin filmdə son dövrlər Azərbaycanda bu sahədə həyata keçirilən işlər, əldə edilən uğurlar əksini tapıb. TARİXİ ARAŞDIRMA ƏSASINDA KİTABLAR 160 illik yubiley çərçivəsində ASCO-nun sifarişi ilə Gəmiçiliyin tarixinin qorunub saxlanılması, gələcək nəsillərə ötürülməsi məqsədilə  araşdırma əsasında iki kitab yazıldı. “Azərbaycanda Gəmiçilik – sənədli tarix”, “Azərbaycanda gəmiçilik – şəkillərdə yaşayan tarix” adlı kitablar xarici və yerli arxivlərdə yer alan faktlar əsasında ərsəyə gəlib. Kitabların müəllifi Əməkdar mədəniyyət işçisi Müsəllim Həsənovdur. MARKALI KİTAB Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi əlamətdar tarix münasibəti ilə hədiyyəlik – markalı kitab da nəşr etdirdi. Gəmiçiliyin tarixinə qısa səyahət edən bu kitabda nadir foto və maraqlı məlumatlarla bərabər, ilk dəfə olaraq markalar da yer alıb. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi – 160 il” adlandırılmış kitab bununla belə, çox böyük bir zaman kəsiyini əhatə edərək Azərbaycanda gəmiçiliyin inkişafı, bir sahə kimi formalaşması və keçdiyi müxtəlif mərhələlər, habelə Gəmiçiliyin taleyində əhəmiyyətli rolu olan şəxsiyyətlər haqqında məlumatlarla zəngindir. TƏSVİRİ İNCƏSƏNƏT MÜSABİQƏSİ Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin160 illik yubileyi ərəfəsində gənc rəssamlar üçün  “Gəmiçilik – 160”, “Mənim Xəzərim”, “Dəniz cəsurları sevir” mövzularında təsviri incəsənət (rəngkarlıq, heykəltəraşlıq, qrafika)  müsabiqəsi də keçirildi. Müsabiqənin məqsədi Xəzər dənizçilərinin çətin və spesifik əməyi ilə geniş auditoriyanı yaxından tanış etmək, ölkəmizdə gəmiçiliyin inkişafı, Azərbaycan dənizçilərinin qəhrəmanlıq salnaməsi barədə məlumatlandırmaq,  Xəzəri əlverişli su yolu, zəngin təbii sərvət qaynağı, gözəl mənzərələr məkanı kimi tərənnüm etmək və qiymətli ekosistem kimi qorunmasının vacibliyini ön plana çəkmək,  gənc və istedadlı rəssamları dəstəkləmək və onların işi ilə geniş auditoriyanı yaxından tanış etmək idi. DƏNİZÇİLİK MÖVZUSUNDA İLK SƏRGİ Təsviri incəsənət müsabiqəsi çərçivəsində Muzey Mərkəzinin Sərgi Qalereyasında sərgi  təşkil edildi. Bir həftə davam edən sərgidə 100-dən çox  təsviri incəsənət (rəngkarlıq, qrafika, heykəltəraşlıq) əsəri yer alırdı. Bundan başqa, müsabiqə çərçivəsində gənc rəssamların əsərlərindən ibarət kataloq da çap olundu. METRODA “GƏMİÇİLİK-160 İL” SƏRGİSİ Bu il həm də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Bakı Metropoliteni” QSC -nin birgə təşkilatçılığı ilə “Gənclik” metrostansiyasında “Metro Gallery” layihəsi çərçivəsində  “Gəmiçilik-160 il” mövzusunda fotoqalereya açıldı. Paytaxt sakinləri və Bakının qonaqları stansiyanın hər dörd çıxışının əsas vestibüllərində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tarixini əks etdirən nadir fotoları görmək imkanı qazanıblar. Sərgidə 90-dan çox nadir tarixi foto nümayiş etdirilib.  Fotoların hər biri Xəzərdə Azərbaycan gəmiçiliyinin müxtəlif dövrlərini əhatə edir. Burada Xəzər dənizində üzən ilk gəmilər,  tanınmış  dənizçilər,  neft mədənləri, tacirlər  haqqında maraqlı fotolara rast gəlmək mümkündür. “DƏNİZÇİLƏR VAR OLSUN!” Bununla belə, 2018-ci ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi əsasında “Dənizçilər var olsun!” marşı  təqdim olundu. Xalq artisti Mübariz Tağıyevin ifa etdiyi marşın sözlərinin müəllifi Zəminə Xınalı, bəstəkarı xalq artisti, professor Faiq Sücəddinovdur. Əsərdə dənizçilərin fədakarlığından, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin şanlı tarixindən və keçdiyi 160 illik şərəfli yoldan bəhs edilir. Cəngi üslubunda yazılan marş dəniz romantizmini, tarixi faktları, Gəmiçiliyin müasir uğurlarını əks etdirir. Bu əsər ölkə tariximizdə dənizçilərə həsr olunmuş ilk marşdır. 160 İLLİK YUBİLEY TƏDBİRİ Oktyabrın 22-də isə şanlı, fədakarlıq və qəhrəmanlıqlarla dolu tarixi bir yol keçən, ölkəmizin ən qocaman şirkətlərindən biri sayılan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyi ilə bağlı təntənəli tədbir keçirildi. Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Gəmiçiliyin rəhbər və sıravi heyəti ilə yanaşı, müxtəlif dövlət strukturlarının rəhbərləri, qurumun əməkdaşlıq etdiyi yerli və xarici şirkətlərin rəhbər və nümayəndələri, ictimai-siyasi xadimlər, veteran dənizçilər, Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri də iştirak edirdilər. REBRENDİNQ – ASCO 160 illiyə həsr olunmuş yubiley tədbirində beynəlxalq sularda da fəaliyyət göstərərək üçrəngli bayrağımızı öz gəmilərində  şərəflə dalğalandıran,  müxtəlif yerli və xarici partnyorlarla əməkdaşlıq edən, şanlı tarixinin 160 illinə yekun vuran Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi yeni dövrə yeni brendlə qədəm qoyduğunu elan etdi. Bundan sonra şirkət “ASCO” adı ilə fəaliyyətini davam etdirəcəyini açıqladı. Rebrendinq layihəsi yalnız adın dəyişdirilməsi ilə bitmədi. Layihə çərçivəsində şirkətin loqosu və rəsmi internet saytı da yeniləndi. DƏNİZÇİLƏR TƏLTİF OLUNDULAR Prezident İlham Əliyev dəniz nəqliyyatı işçilərinin təltif olunması ilə bağlı bu il  iki dəfə Sərəncamlar imzaladı. Dövlət başçımızın “Dənizçi günü” münasibəti ilə 2018-ci il iyunun 24-də və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyi münasibəti ilə  oktyabrın 20-də imzaladığı Sərəncamlarla dənizçilərin təltif edilməsi Gəmiçiliyin bütün kollektivinin əməyinə verilən yüksək qiymətin bariz nümunəsi idi. Ümumiyyətlə, hər il əməkdə fərqlənən dənizçilər Prezident İlham Əliyevin sərəncamı ilə müxtəlif ali mükafatlara layiq görülürlər. 160 illik yubiley ili isə bu baxımdan daha əlamətdar oldu. Belə ki, yubiley ərəfəsində gəmiçilik sahəsində fəaliyyətə görə iki yeni – “Gəmiçilik sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalı təsis edildi. 160 il-160 mənzil” Bu il Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində “160 il-160 mənzil” adlı layihənin icrasına başlanıldı. Layihə çərçivəsində Gəmiçiliyin hələ SSRİ dövründən növbəyə duran 160 əməkdaşı ilin sonuna kimi mənzillə təmin olunacaq. DONANMALARIN YENİLƏNMƏSİ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin donanmalarının müasir gəmilərlə yenilənməsi işi bu il də davam etdirildi. Xəzər Dəniz Neft Donanmasının balansına  “Mərdəkan”, “Şüvəlan” “Zirə” və s təchizat-yedək gəmiləri daxil olundu. Bundan başqa, 2014-cü ildə uzun fasilədən sonra Azərbaycan Respublikasının  Prezidenti  İlham Əliyevin tapşırığına əsasən xarici sulardakı fəaliyyətini bərpa edən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti bu istiqamətdə ardıcıl və effektiv addımlarını davam etdirdi. Xəzərdənkənar hövzələrdə – Azov, Qara, Aralıq dənizlərində üzən gəmilərimizin sayı bu il 14-ə çatdırıldı.   Eyni zamanda, Bakı Gəmiqayırma Zavodunda yerləşdirilən gəmi-vaqon-TIR və sərnişin daşınması üçün nəzərdə tutulan yeni nəsil iki “Ro-Pax”/Bərə və iki tankerin tikintisi üzrə işlər uğurla davam etdirildi. BEYNƏLXALQ ƏLAQƏLƏR “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC xarici sularda fəaliyyətinin daha da genişlənməsi və möhkəmləndirilməsi məqsədi ilə daha bir uğurlu addım atdı.  Belə ki, ASCO-nun vacib dəniz nəqliyyatı arteriyaları üzərində yerləşən Yunanıstanın paytaxtı Afinada nümayəndəliyi fəaliyyətə başladI. Bu il ASCO Yunanıstanın paytaxtı Afinadakı “Metropolitan Expo” mərkəzində dünyanın ən böyük dənizçilik sərgilərindən sayılan 25-ci “Poseydoniya-2018” sərgisində də iştirak etdi.  Builki sərgidə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin stendində ölkəmizin dənizçilik sahəsi, o cümlədən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, Bakı Gəmiqayırma Zavodu haqqında məlumatlar, videoçarxlar nümayiş etdirilib. PEŞƏKAR KADRLARIN HAZIRLANMASI “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC yüksəkixtisaslı gənc mütəxəssislərin hazırlanması, işçilərin təlimləndirilməsi, onların dənizçilik sahəsində beynəlxalq təcrübəyə dərindən yiyələnməsi istiqamətində mühüm layihələri davam etdirdi. “Columbia Shipmanagement Ltd” və  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC arasında imzalanan müqaviləyə əsasən, ASCO əməkdaşları sözügedən beynəlxalq şirkətin gəmilərində təcrübəyə göndərildi.  Burda gənclər müxtəlif ölkələrin nümayəndələrindən ibarət heyətlə işləməklə, daha böyük gəmilərin iş prinsipi ilə yaxından tanış oldular, dünyanın böyük limanlarına getmək imkanı qazandılar. Bununla belə, Azərbaycan Dövlət Dəniz Akademiyasında təhsilin keyfiyyətinin artırılmasına yönəlik məqsədyönlü addımlar atıldı. Dəniz Akademiyasının təhsildə uğurlu nəticələrlə  fərqlənən məzunlarının işlə təmin olunmasına, onların karyera inkişafına, əlavə təhsil almasına, habelə sosial müdafiəsinin gücləndirilməsinə diqqət artırıldı. 2018-ci ildən “Azərbaycan Dövlət Dəniz Akademiyasında və Akademiyanın nəzdində fəaliyyət göstərən Dənizçilik Kollecində əyani  təhsil alan və təhsilində yüksək nəticələr göstərən  tələbələrə  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin hesabına əlavə təqaüdün verilməsinə başlanıldı. İstedadlı və perspektivli gənclərin xarici ölkələrin aparıcı dənizçilik universitetlərində təhsil alması məqsədi ilə təsis olunan “Təqaüd Proqramı”nın iştirakçıları Akşin Muxtarov və Nərminə Cabbarova İsveçin Malmö şəhərində yerləşən Dünya Dənizçilik Universitetindəki (World Maritime University) magistr təhsillərini uğurla başa vurdular. Hazırda hər iki gənc ASCO-da fəaliyyətlərini davam etdirirlər. SOSİAL KORPORATİV MƏSULİYYƏTİ ASCO 2018-ci il ərzində də sosial korporativ məsuliyyəti çərçivəsində müxtəlif sosial layihələrin icrasını davam etdirdi.  Gəmiçilik məcburi köçkün və qaçqın ailələrinə, himayədə olan uşaqlara, müharibə veteranları və şəhid ailələrinə müvafiq yardımların göstərilməsi üçün bir sıra tədbirlər həyata keçirdi. Şirkətin sosial sahədə fəaliyyətinə xeyriyyəçilik işləri, işçilərin rifahı və sağlamlığına dəstək, himayədə olan uşaqlar və veteranlara dəstək, gənclərə dəstək, ölkədə dənizçi peşəsinin təbliği və dənizçilərin təhsilinə dəstək kimi istiqamətlərə yönəldilib. EKOLOJİ İDARƏETMƏ İl ərzində ekoloji idarəetmə sahəsində tullantıların təhvil verilməsi, içməli və dəniz suyundan, eləcə də enerji resurslarından istifadə, atmosferə atılan emissiyaların idarə edilməsi istiqamətində də müvafiq təkmilləşdirmə işləri aparıldı və bir sıra göstəricilər üzrə səmərəli nəticələr əldə olundu. Ümumilikdə, geridə qoyduğumu 2018-ci il yaddaşlara xoş xatirələrlə yazıldı. Ümid edirik ki, qarşıdan gələn 2019-cu il də dənizçilər üçün düşərli və xeyirli olacaq. Bayramınız mübarək, əziz  bayrağımızı dənizlərdə qürurla dalğalandıranlar. Yeni il münasibəti ilə sizi təbrik edir, aydın səma, açıq yol arzulayırıq.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır