Dünyanın ilk nüvə enerjili aviadaşıyıcısı “USS Enterprise” sökülmək üçün yola salınıb
ABŞ Hərbi Dəniz Qüvvələrinin tarixində mühüm yer tutan, dünyanın ilk nüvə enerjisi ilə işləyən aviadaşıyıcısı “USS Enterprise” sonuncu səfərinə çıxıb. Gəmi noyabrın 2-də yedəyə alınaraq sökülmək üçün Virciniya ştatının Nyuport-Nyus şəhərindən Alabama ştatının Mobil şəhərinə yola salınıb.
“Seanews.az” xəbər verir ki, 1961-ci ildə istismara verilən aviadaşıyıcı 55 il xidmət göstərdikdən sonra 2017-ci ildə donanmadan çıxarılıb. Fəaliyyəti dövründə nüvə enerjisi ilə bir milyon dəniz milindən çox məsafə qət edən gəmi Soyuq müharibə, Vyetnam müharibəsi və Yaxın Şərqdəki hərbi əməliyyatlarda iştirak edib.
Gəminin sökülməsi ilə bağlı 2025-ci ildə “NorthStar Maritime Dismantlement Services” şirkəti ilə 536 milyon dollarlıq müqavilə imzalanıb. İşlərin 2029-cu ilin noyabrınadək başa çatdırılması gözlənilir. Radioaktiv komponentlərə ABŞ hökuməti nəzarət edəcək.
342 metr uzunluğunda və təxminən 94 min ton su tutumuna malik “USS Enterprise” indiyədək inşa edilmiş ən uzun hərbi gəmi hesab olunur. Onun adı gələcəkdə ABŞ Hərbi Dəniz Qüvvələrinin yeni “Ford” sinfinə aid aviadaşıyıcısında da yaşadılacaq. CVN 80 bort nömrəli yeni “Enterprise” bu adı daşıyan doqquzuncu ABŞ hərbi gəmisi olacaq.

