Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-11-04,
Seanews
Heyder Eliyev

Avstraliya heyətin iş və istirahət saatlarına dair sənədləri saxtalaşdırılan gəminin ölkə limanlarına girişini qadağan edib

Avstraliya Dəniz Təhlükəsizliyi İdarəsi (AMSA) “Wooyang Venus” quru yük gəmisinin ölkə limanlarına daxil olmasını və Avstraliya sularında üzməsini 90 gün müddətinə qadağan edib. Səbəb heyət üzvlərinin iş və istirahət saatlarına dair qeydlərin saxtalaşdırılmasıdır.

“Seanews.az” xarici mediaya istinadla xəbər verir ki, Marşall adaları bayrağı altında üzən, Cənubi Koreya şirkətinin idarə etdiyi 87 min ton dedveytli gəmi oktyabrın 29-da Nyukasl limanında yoxlanılıb. Yoxlama zamanı heyət üzvlərinin faktiki iş saatlarını gizlətmək məqsədilə iş və istirahət vaxtlarına dair qeydlərin qəsdən saxtalaşdırıldığı aşkarlanıb.

AMSA-nın məlumatına görə, “Wooyang Venus” 2023-cü ilin dekabrında və 2026-cı ilin avqustunda da oxşar pozuntulara görə saxlanılıb. Gəmi oktyabrın 31-də Avstraliyanı tərk edərək Cənubi Koreyaya yola düşüb.

2006-cı il tarixli Dəniz Əmək Konvensiyasına (MLC) əsasən, gəmi sahibləri və operatorları dənizçilərin iş və istirahət vaxtlarına dair minimum tələblərə əməl etməlidirlər. İş və istirahət saatlarının düzgün qeydə alınmaması heyətin yorğunluğuna, diqqətin və reaksiya sürətinin azalmasına, nəticədə dəniz qəzaları riskinin artmasına səbəb ola bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır