ADDA tələbələrinin 4 layihəsi “Startup School 4” beynəlxalq innovasiya proqramının yekununda uğurla təqdim edilib
Bakıda “Startup School 4: Five Continents – 500 Startups” qlobal innovasiya proqramının yekun mərhələsi keçirilib. Tədbirdə Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) nümayəndə heyəti, həmçinin beynəlxalq proqramda iştirak etmiş tələbə startap komandalarının üzvləri də iştirak ediblər.
Beş qitəni əhatə edən proqram çərçivəsində müxtəlif ölkələrdən seçilmiş 233 startap komandası beynəlxalq ekspert və mentorların iştirakı ilə üç ay müddətində təlimlərə cəlb olunub. Yekunda 70 startap komandası finala yüksələrək innovativ layihələrini və minimum işlək məhsullarını investorlar, sahibkarlar və innovasiya ekosisteminin nümayəndələri qarşısında təqdim etmək imkanı qazanıb.
ADDA-nın 5 tələbəsinin müəllifi olduğu 4 innovativ layihə də “Startup School 4” proqramının seçim mərhələsini uğurla keçib.
Proqram müddətində ADDA tələbələri innovativ ideyaların inkişaf etdirilməsi, biznes modellərinin formalaşdırılması, rəqəmsal texnologiyalar, layihələrin kommersiyalaşdırılması, investisiyaya hazırlıq və startapların beynəlxalq bazarlara çıxış imkanları istiqamətində bilik və praktiki bacarıqlar əldə ediblər.
Proqramın yekun tədbirində finalçı komandaların innovativ məhsullarından ibarət sərgi təşkil olunub, perspektivli startapların inkişafı və beynəlxalq əməkdaşlıq imkanları müzakirə edilib.

