Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Təcrübəli kapitan: Dənizçi olmaq istəyən hər kəs bu işi həyat tərzinə çevirməlidir

Kamil Muxtarov 40 ildən çoxdur ki, dənizçilik sahəsində çalışır. Hazırda ASCO-nun Xəzər Dəniz Neft Donanmasına məxsus “General Əsədov” sərnişin gəmisinin kapitanı vəzifəsində işləyir.İdarə etdiyi gəmi ilə hər gün 500 neftçini uzaq neft-qaz platformalarına çatdırır və geri gətirir.

Onun zəhmətkeş və məsuliyyətli olması hər zaman yüksək qiymətləndirilib. Bir neçə il əvvəl Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilən Kamil Muxtarov bu günlərdə “Gəmiçilik sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalına layiq görülüb.

 – Kamil müəllim, söhbətimizə sizi tanımaqla başlayaq. Bilirəm ki, Bakıda doğulmusunuz…

– Bəli, 1956-cı il iyunun 1-də Bakıda anadan olmuşam. Babam dənizçi, atam neftçi olub.

–  Deməli, dənizçi olmağınız təsadüfi deyil?

– Düzü, bu peşəni məni dənizçi görmək istəyən babamın təkidi ilə seçmişəm. 1973-cü ildə sənədlərimi Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbinə verdim. Burada “Gəmi sürücülüyü” ixtisasına yiyələndim. 1977-ci ildə təyinatla Xəzər Dəniz Neft Donanmasına gəldim.

– Elə o vaxtdan Xəzər Dəniz Neft Donanmasında işləyirsiniz?

– Bəli, 40 ildən çox dənizçilik təcrübəm var. Sular qoynunda fəaliyyətimə kapitanın 3-cü köməkçisi kimi başlamışam. 30 ildir kapitanam.

– Kamil müəllim, dənizçi olmaq asan deyil. Kapitanlıq isə yəqin ikiqat çətindir.

– Təbii ki, asan deyil. Amma bu işin çətinliklərini izah etmək ondan da çətindir. Dənizdə olanları, fırtınanın yaratdığı həyəcanı, fırtınadan çıxdığımız zaman yaşadığımız sevinci heç cür təsvir edə bilmərəm. Bunun üçün dənizdə olmaq, dənizçi işləmək lazımdır. Ümumilikdə, işimiz çox məsuliyyətlidir. Hər anı diqqət və sevgi tələb edir. İradəli olmalı, dənizi və dənizin sənə bəxş etdiklərini sevməlisən, onun nazıyla oynamalısan. Əks halda, dənizə uduzacaqsan.

–  Dənizçi olduğunuza, babanızın sözünə qulaq asdığınıza görə heç peşmançılıq hissi keçirmisinizmi?

– Bu nöqtəyə heç gəlmədim. Əksinə, hər zaman qarşıma qoyduğum məqsədləri düşündüm. Adam var, dörd il oxuyur və işə gəldiyi ilk gün də geri çəkilir. Qorxur… Bu işin bir sirri var. Hər gün bugün bitsin, evə dönüm deyərsinizsə, o gün doğrudan da keçməyəcək. Buna görə də dənizçi olmaq istəyən hər kəs bu işi həyat tərzinə çevirməlidir.

– Gəmi kapitanı kimi heyətinizlə münasibəti necə tənzimləyirsiniz?

– Heyətimiz 21 nəfərdən ibarətdir. Onların hər biri mənə ayrı-ayrılıqda doğmadır. Ümumiyyətlə, heyətimiz çox yaxşıdır. Bir-birimizə dəstək olmağı bacarırıq, ailə kimiyik.

– Kamil müəllim, idarə etdiyiniz “General Əsədov” gəmisi ilə neftçilərə xidmət edirsiniz. Bir qədər də işinizdən, sərnişinlərlə münasibətinizdən danışın.

– Hər gün 500 neftçini “Neft Daşları”na aparır və geri gətirirəm. Qarşıma qoyulan əsas vəzifə bu işi təhlükəsiz yerinə yetirməkdir. Bunun üçün əlimdən gələni edirəm. Onu da deyim ki, neftçilərə xidmət etməkdən qürur duyuram.

– Yeri gəlmişkən, bu günlərdə Prezident İlham Əliyev Sərəncamı ilə “Gəmiçilik sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalına layiq görülmüsünüz. Nə deyə bilərsiniz?

– Əməyimiz hər zaman qiymətləndirilir. Dənizçilərə bu cür diqqətin olması sevindiricidir. Buna görə, dövlətimizin başçısı cənab İlham Əliyevə və Gəmiçiliyin rəhbəri Rauf Vəliyevə dərin minnətdarlığımı bildirirəm.

– Son olaraq əlavəniz varsa, buyurun.

– Hər kəsə cansağlığı arzulayıram. Sizə də təşəkkür edirəm ki, şərəfli dənizçi peşəsinə maraq yaradırsınız. “Dəniz” qəzeti və “Seanews.az” saytı biz dənizçilərin sevimli informasiya mənbəyidir. İşlərinizdə uğurlar!


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır