Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-11-16,
Seanews
Heyder Eliyev

Kruiz gəmisi dənizə qanunsuz neft tullantıları axıtmaqda ittiham olunur

“MSC Poesia” kruiz gəmisi dənizə neft tərkibli tullantıların qanunsuz axıdılmasında şübhəli bilindiyi üçün ABŞ Sahil Mühafizəsi tərəfindən cinayət araşdırmasına cəlb edilib.

“Seanews.az” xəbər verir ki, araşdırma ilə tanış olan ABŞ rəsmisinin sözlərinə görə, gəmidə neft tərkibli tullantıların dənizə axıdılması üçün “magic pipe” (qanunsuz boru sistemi) adlanan üsuldan istifadə edildiyi iddia olunur.

ABŞ Sahil Mühafizəsi noyabrın 1-dən Mayami limanında saxladığı gəminin noyabrın 12-də limandan çıxmasına icazə verib. Araşdırma çərçivəsində gəminin heyət üzvlərinin, sahibinin və hadisədə birbaşa iştirak etmiş digər şəxslərin məsuliyyəti nəzərdən keçirilə bilər.

“Magic pipe” gəmidə neft tərkibli tullantıların qanunsuz şəkildə məişət tullantı sularının axıdıldığı sistemə yönəldilməsi üsuludur. Gəmilərin müəyyən şərtlərlə məişət tullantı sularını dənizə axıtmasına icazə verilsə də, neftin bu sistem vasitəsilə axıdılması ABŞ qanunvericiliyini pozur.

Gəminin saxlanılması nəticəsində 2 mindən çox sərnişinin iştirakı ilə planlaşdırılan 11 gecəlik Karib dənizi kruizi ləğv edilib. “MSC Cruises” şirkəti zərər çəkmiş sərnişinlərə ödənilmiş məbləğin tam qaytarılacağını bildirib.

“MSC Poesia” Mayamidən Şərqi Karib hövzəsinə 10 gecəlik kruiz səfərlərini bərpa edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır