1874-cü ildə batmış yedək gəmisinin qalıqları aşkarlanıb
Dalğıclar 150 ildən çox əvvəl ABŞ-nin Huron gölündə qazan partlayışı nəticəsində batan “Tawas” buxar yedək gəmisinin qalıqlarını aşkar ediblər. Hadisə zamanı altı nəfər həlak olub.
“Seanews.az” xəbər verir ki, könüllülərdən ibarət “Undersea Research Associates” (URA) sualtı tədqiqat qrupu noyabrın 10-da gəminin Miçiqan ştatının Harbor Biç sahillərindən təxminən 225 fut (69 metr) dərinlikdə tapıldığını açıqlayıb.
1864-cü ildə Miçiqan ştatının Viksburq şəhərində inşa edilən, uzunluğu təxminən 100 fut (30 metr) olan “Tawas” Böyük Göllərdəki ən iri yedək gəmilərindən biri olub.
1874-cü il mayın 14-də gəmi “Zach Chandler” yelkənli şxuneri ilə birlikdə yedəkləmə əməliyyatına hazırlaşarkən onun buxar qazanı partlayıb. Nəticədə “Tawas”ın beş heyət üzvü həlak olub, gəmi dərhal batıb. Partlayış həmçinin şxunerin yelkən və armaturuna ziyan vurub, uçan qırıntıların başına dəyməsi nəticəsində onun ikinci köməkçisi də həyatını itirib. Beləliklə, hadisə ümumilikdə altı nəfərin ölümünə səbəb olub.
Gəminin yeri 151 il ərzində naməlum qalıb. URA qrupu 2025-ci il iyunun 8-də sonar vasitəsilə sualtı obyekti aşkarlasa da, onun gəmi qalıqları olduğunu yalnız bu ilin yazında təsdiqləyib. Sentyabrın 7-də dalğıclar ilk dəfə batmış gəmini araşdırıblar.
Sonar görüntülərinə əsasən, gəminin gövdəsinin uzunluğu təxminən 100 futdur. Burun və arxa hissələri bütöv qalsa da, orta hissəsi dağılıb. Məhz bu xüsusiyyətlər gəminin “Tawas” olduğunu təsdiqləyən əsas dəlil hesab edilir.
URA könüllüləri 40 ildir Böyük Göllərin dördündə sualtı tədqiqatlar aparır. Qrup indiyədək 100-dən çox gəmi qəzasının yerini müəyyən edib və təkcə Huron gölündə təxminən 3 min kvadratmil ərazini araşdırıb.

