Hörmüz boğazında tankerə hücum təsdiqlənib, İran VLCC tipli supertankerin batdığını iddia edir
Ərəbistan körfəzində Hörmüz boğazına yaxınlaşan tankerə hücum edildiyi təsdiqlənib. Eyni zamanda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri boğazın cənub dəhlizində iki tankerin dəniz minalarına düşdüyünü, onlardan birinin – VLCC tipli supertankerin batdığını iddia edir.
“Seanews.az” bu barədə xarici mediaya istinadla xəbər verir.
Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) Hindistanın gəmiçilik orqanlarına istinadən noyabrın 15-də Hörmüz boğazına yaxınlaşan tankerə hücum edildiyini bildirib. Gəminin heyət üzvlərinin təhlükəsiz olduğu və hamısının sağ-salamat olduğu qeyd edilsə də, zərərin miqyası barədə məlumat verilməyib.
SEPAH-ın iddiasına görə, boğazın cənub dəhlizindən icazəsiz keçən iki tanker dəniz minalarına toxunduqdan sonra güclü partlayışlara məruz qalıb. Qurum 2 milyon bareldən çox xam neft daşıyan VLCC tipli supertankerin Ərəbistan körfəzinin cənubunda batdığını açıqlayıb.
Hücumlara dair məlumatlar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. Həmçinin, İran tərəfi zərbələrə məruz qaldığını iddia etdiyi tankerlərin adlarını açıqlamayıb.
SEPAH-ın Hərbi Dəniz Qüvvələri tanker sahiblərini, gəmiçilik şirkətlərinin rəhbərlərini və ekipajları Hörmüz boğazının məhdudlaşdırılmış ərazisinə yaxınlaşmamağa çağırıb.

