Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Vətən müharibəsinin dənizçi qazisi: “Biz qələbəyə inanırdıq”

Tarixin ən ağır sınaqlarından şərəflə çıxmağı bacarmış məmləkətimizin var olmasının kökündə dayanan ən əsas səbəblərindən biri bu torpağın övladlarının Vətənə sonsuz sevgisi olub. Dənizçilər daim öz vətənpərvərliyi ilə seçiliblər. Onlar dünyanın harasında üzmələrindən asılı olmayaraq hər zaman qəlbən və ruhən doğma Azərbaycanımıza bağlı olublar.  

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının “Şahdağ” gəmisinin gənc motorçusu Cəfər Səfərli bu dənizçilərdən biridir. O, 44 günlük Vətən müharibəsində öz vətənpərvərliyini, mərdliyini və qorxmazlığını bir daha sübut etdi.

Cəfər Səfərli Hacıqabul rayonunda doğulub. Rayonun 5 nömrəli məktəbini bitirdikdən sonra 2012-ci ildə ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasına qəbul olub. Dörd illik təhsildən sonra hərbi xidmətə gedib, 2018-ci ildə ASCO-nun Xəzər Dəniz Neft Donanmasında əmək fəaliyyətinə başlayıb. İki ildir ki, gəmiçi kimi Xəzərdə neft-qaz hasilatının inkişafına töhfə verməkdədir.  

Cəfərlə həmsöhbət olub, 44 günlük Vətən müharibəsində onun qəhrəmanlığından, döyüş yolundan danışdıq.

-        Vətən müharibəsinə gedən yolun başlanğıcından başlayaq. Yol nə vaxt və necə başladı?

Yol 20 sentyabr 2020-ci ildən başladı. Əvvəlcə təlimlərə cəlb olundum, bir həftəlik təlimdən sonra 27 sentyabr, səhər saat 8-də Füzuli istiqamətində əks-hücum əməliyyatına keçdik. Mən döyüşlərə Piyada Döyüş Maşınının (PDM) desantı kimi qatılmışdım.  Çətinliklə də olsa, elə ilk gündən düşmənin müdafiə postunu yardıq. Döyüşlərdə şəhidlər verdik, hətta mənim olduğum maşını vurdular. Amma həmin vaxt mənə heç nə olmadı. Beləliklə, biz Füzulidən sonra Cəbrayıl istiqamətinə irəlilədik. Bəzi yüksəklikləri geri qaytardıq. Ardınca gizli yollarla, meşələrdən keçərək Hadruta doğru getdik. Hadruta çatmaq üçün iki gün yol qət etdik. Ora çatanda artıq gecə idi, özümüzə mövqe seçib səhərin açılmağını gözlədik. Lakin səhər gözləmədiyimiz anda düşmən tərəfindən bizə iki istiqamətdə hücum oldu. Həmin vaxt qolumdan güllə yarası aldım. Döyüş yoldaşlarımız arasında da yaralanan və Şəhidlik zirvəsinə yüksələnlər oldu. Biz isə iki gün yaralı vəziyyətdə mübarizəyə davam etdik.

-        Bu, həqiqətən də, qəhrəmanlıqdır, böyük şücaətdir.

Döyüşçülərimizdə böyük ruh yüksəkliyi var idi. Hamı “İrəli” əmrini gözləyirdi.  Məqsədimiz isə bəlliydi: düşməni torpaqlarımızdan qovmaq və Qarabağımızı azad etmək. Biz lap başından qələbəyə inanırdıq. Bütün döyüş ərzində bu inam bizimlə olub. Elə buna görə də zəfər qazanmışıq.

-        Cəfər, Vətən müharibəsində iştirak etmək, özü də qalib gəlmək necə bir hissdir?

Bu hisslər əvəzedilməzdir, sözlə ifadəsi belə çətindir. Əvvəlcə onu deyim ki, Müzəffər Ali Baş Komandanı, güclü lideri olan Orduda xidmət etmək və qalib gəlmək çox şərəflidir. Doğrusu, hələ də inana bilmirəm ki, oradan sağ-salamat qayıtmışam. Bu, Allahın möcüzəsidir. Haqq savaşında rolum olduğuna görə çox sevinirəm, bununla qürur duyuram. Fəxr edirəm ki, II Qarabağ müharibəsində iştirak etmişəm və şanlı tarixin yazılmasında əməyim olub.

-        Döyüşlərdə iştirakınıza görə bir neçə dəfə təltif olunmusunuz.

Prezidentimiz, Ali Baş Komandanımız  Cənab İlham Əliyevin Sərəncamları ilə "Cəsur Döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşam. Buna görə də Ali Baş Komandana minnətdarlığımı bildirirəm.

-        Döyüşlər ərzində arxa cəbhədə olan dənizçi yoldaşlarınızla ünsiyyət imkanı olurdumu? Onlar sizə necə dəstək göstərirdilər?

Dənizçilər  vətənpərvərliyini bu döyüşlərdə bir dahasübut etdilər. Çağırış kimə gəldisə, canla-başla Vətənin müdafiəsinə yollandı. Döyüşlərdə iştirak etməyənlər isə arxa cəbhədən öz dəstəklərini göstərdilər. Əsasən də, yaralanıb xəstəxanaya yerləşdikdən sonra dənizçi yoldaşlarım tez-tez əlaqə saxlayırdılar, səhhətimlə maraqlanırdılar, nəyəsə ehtiyacım olub-olmadığını soruşurdular. ASCO rəhbərliyi tərəfindən də daim xüsusi diqqət göstərilirdi. Əlbəttə ki, bu, xoş münasibət sevindiricidir. Təşəkkürümü bildirirəm və demək istəyirəm ki, bütün bunlar xalqımızın həmrəyliyinin sübutudur.

-        Artıq işinizin başındasınız.  Dənizçilik üçün yəqin ki, darıxmışdınız...

Bəli, yanvarın 1-dən yenidən işə başlamışam. Əlbəttə ki, darıxmışdım.  

-        Sizə uğurlu və xoş səfərlər arzulayırıq. Qələbə sevincinə görə isə təşəkkürümüzü bildiririk.

Çox sağolun!

 

Rövşən Abdurəhmanov - ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin əməkdaşı


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır