BGTZ-də “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) “Bibiheybət“ Gəmi Təmiri Zavodunda (BGTZ) “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Zavodun direktor müavini Namiq Nurməmmədov ümumbəşəri problem olan insan alverinə qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliy haqqında danışıb.
Daha sonra BGTZ-nin Məxfi rejim və hərbi səfərbərlik şöbəsinin rəisi Zaur Zeynalov mövzu barədə geniş məruzə ilə çıxış edib.
Zaur Zeynalov qeyd edib ki, son illər ölkəmizdə insan alverinə qarşı mübarizə tədbirləri gücləndirilib, bu sahədə mükəmməl qanunvericilik bazası, maarifləndirmə sistemi mövcuddur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamla təsdiq olunmuş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı” Azərbaycanda bütün səviyyələrdə insan alverinə qarşı mübarizənin davamlılığını nümayiş etdirir.
Tədbir zamanı insan alverinə qarşı mübarizədə əldə edilən uğurların cəmiyyətə düzgün çatdırılmasında, maarifləndirmə işinin aparılmasında beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının, mətbuatın tərəfdaşlığının rolu, hər bir dövlətdə insan hüquqlarının, ailə institutunun qorunmasının və onun düzgün formalaşmasının ən önəmli məsələ olduğu xüsusi vurğulanıb.
Sonda mövzu ətrafında müzakirələr aparılıb və tədbir iştirakçılarına bukletlər paylanılıb.



