Bolqarıstan hücuma məruz qalan gəmidə dron qalıqları aşkarlayıb, ikinci gəminin batdığı ehtimal olunur
Bolqarıstanın Qara dəniz sahillərində hücuma məruz qalan gəmilərdən birində pilotsuz uçuş aparatının (PUA) qalıqları aşkarlanıb. Digər gəminin isə batdığı ehtimal edilir.
“Seanews.az” xəbər verir ki, oktyabrın 13-də Byala şəhərindən təxminən 17 dəniz mili şərqdə hücuma məruz qalan, Maltada qeydiyyatda olan “Chelsea-3” (5 827 ton dedveyt) gəmisi yedəklənərək Burqas limanı yaxınlığındakı lövbər dayanacağına gətirilib. Gəmidə aşkarlanan qalıqların kimyəvi analizi aparılır. Təhlil nəticəsində istifadə olunan partlayıcının növünün və PUA-nın müəyyənləşdirilməsi gözlənilir. Hadisə zamanı gəminin 15 nəfərlik heyəti təxliyə edilib.

Palau bayrağı altında üzən “Able” gəmisi isə oktyabrın 19-dan 20-nə keçən gecə radarardan itib. Oktyabrın 6-da Bolqarıstanın müstəsna iqtisadi zonasında hücuma məruz qalan gəmidə yanğın nəticəsində ciddi zədələr yaranmış, maşın şöbəsini su basmışdı. Rumıniyadan Türkiyəyə arpa daşıyan gəminin sonradan batdığı ehtimal olunur.

Bolqarıstan hücumlardan sonra Qara dənizdəki sularına nəzarəti gücləndirmək üçün iki pilotsuz müşahidə sistemi yerləşdirib, daha bir sistemin isə həftənin sonunadək istifadəyə verilməsi gözlənilir. Ölkə həmçinin Rumıniya ilə birlikdə NATO-dan Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin təmin olunmasına dəstəyin artırılmasını istəyib.

