Gəmiçilik şirkətləri və limanlar kütləvi kiber təhdid ilə üzləşib
Kiber şantajla məşğul olan “n0n” qrupu 38 gəmiçilik, liman və logistika şirkətini onlardan oğurladığını iddia etdiyi məlumatları dərc etməklə hədələyib.
“Seanews.az” xarici mediaya istinadla xəbər verir ki, qrup məlumatların açıqlanmaması müqabilində oktyabrın 19-dək milyonlarla dollar məbləğində fidyə tələb edir.
Kiber təhlükəsizlik şirkəti “SOCRadar”ın məlumatına görə, “n0n” qaranlıq internetdəki öz saytında 18 ölkədən 38 şirkəti hədəf siyahısına daxil edib. Onların arasında “Ocean Network Express”, “CULines”, “TS Lines” və “Samudera” gəmiçilik şirkətləri, eləcə də bir sıra liman və konteyner terminalı operatorları var.
Qrupun tələb etdiyi fidyənin məbləği 2,4 milyon dollardan 14 milyon dollaradək dəyişir. Ödənişin “Bitcoin” kriptovalyutası ilə edilməsi tələb olunur. “n0n” iddia etdiyi məlumatları oktyabrın 19-da, saat 13:27-də (UTC) açıqlayacağı ilə hədələyib.
“SOCRadar” vurğulayır ki, siyahıda adı çəkilən şirkətlərin heç biri sistemlərinə müdaxilə edildiyini və ya qrupun həqiqətən həmin məlumatlara sahib olduğunu təsdiqləməyib.
Qrupun ələ keçirdiyini iddia etdiyi məlumatlara konteyner yükləri barədə sənədlər, gəmi hərəkət cədvəlləri, liman giriş-çıxış qeydləri, kommersiya sənədləri və maliyyə məlumatları daxildir. Hücumların mümkün mənbəyi və miqyası ilə bağlı araşdırmalar davam edir.


