ABŞ İspaniya bayrağı altında üzən gəmilərə hər səfər üçün 200 min dollar rüsum təklif edir
ABŞ Federal Dəniz Komissiyası (FMC) İspaniya bayraqlı gəmilərə ABŞ limanlarına hər səfər üçün 200 min dollar rüsum tətbiq etməyi təklif edib. Bu məsələ İspaniya limanlarının ABŞ bayrağı altında üzən gəmilərin girişinə mane olması ilə bağlı araşdırmadan sonra gündəmə gətirilib.
“Seanews.az” xəbər verir ki, komissiyanın oktyabrın 14-də yaydığı məlumata görə, İspaniyanın bu addımları ABŞ-nin xarici ticarətində gəmiçilik üçün əlverişsiz şərait yaradıb. Araşdırma 2024-cü ilin dekabrında İspaniya hakimiyyətinin ABŞ-nin Dəniz Təhlükəsizliyi Proqramı çərçivəsində yük daşıyan “Maersk Denver” və “Maersk Seletar” gəmilərinin limanlara girişinə icazə verməməsi barədə məlumatlardan sonra başlanıb.
İspaniya tərəfi qərarlarını müdafiə və ikili təyinatlı yüklərin limanlardan tranzitini məhdudlaşdıran milli və beynəlxalq qanunlarla izah edib. FMC isə araşdırmanın İsraillə bağlı siyasətə deyil, ABŞ-nin xarici ticarətində gəmiçilik təchizat zəncirinin etibarlılığına və səmərəliliyinə təsir edən hallara yönəldiyini vurğulayıb.
Rüsum təklifindən əlavə, komissiya ABŞ-yə İspaniyadan bəzi məhsulların, o cümlədən ətriyyat və kosmetika, yağlar, keramika məmulatları, şəkər və qənnadı məhsullarının idxalına məhdudiyyətlər qoyulmasını da nəzərdən keçirir. Təkliflərlə bağlı ictimai müzakirələr oktyabrın 15-dən başlayaraq 60 gün davam edəcək.


