Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-09-08,
Seanews
Heyder Eliyev

"SOCAR MARINE" yenidən beynəlxalq dəniz yanacağı bazarının lideri oldu

“SOCAR MARINE” beynəlxalq dəniz yanacağı bazarında 650 min tonluq satış həyata keçirdi və yenidən lider oldu.

SOCAR-dan verilən məlumata görə, 2013-cü ildən fəaliyyət göstərən “SOCAR MARINE” hazırda beynəlxalq dəniz yanacağına tələbatın dörddə birindən çoxunu təmin edir.

Türkiyənin ən böyük sənaye holdinqi “SOCAR Türkiyə”nin investisiyalarına paralel olaraq sürətlə böyüyən “SOCAR MARINE” markası  növbəti dəfə beynəlxalq dəniz yanacağı sektorunun lideri olub. Ötən il  bazardakı payını 26%-ə çatdıran “SOCAR MARINE” Türk boğazlarından keçən və Türkiyə limanlarında yük əməliyyatları həyata keçirərək xaricə yola düşən gəmiləri yanacaqla təmin edir.

“SOCAR Türkiyə” Emal və Neft-Kimya bölməsi rəhbərinin ticarət üzrə müavini Aqşin Səlimovun sözlərinə görə sektorun ən gənc oyunçularından olan “SOCAR MARINE”nin  beynəlxalq dəniz yanacağı sahəsində liderliyi ələ almasında məhsul və xidmətlərin yüksək keyfiyyəti əsas rol oynayıb. O deyib: “Xidmət sahəsində prioritetimiz müştərilərimizin ehtiyaclarını ən yüksək səviyyədə ödəməkdən ibarətdir. Hazırda Türkiyənin Qara dəniz, Mərmərə dənizi, Egey və Aralıq dənizi bölgələrində fiziki olaraq yanacaq təchizatı ilə yanaşı Cəbəllütariqdən  Sinqapura, Rotterdamdan Cənubi  Afrikaya qədər bütün beynəlxalq limanlarda həyata keçirdiyimiz yanacaq tədarükü ilə “SOCAR MARINE” markasının beynəlxalq nüfuzunu hər gün daha yüksək səviyyəyə çatdırırıq”.

Beynəlxalq bazarlarda və Türkiyədə göstərdiyi keyfiyyətli xidmətlərlə dəniz nəqliyyatı və enerji sektorunda lider mövqeyinə yüksələn “SOCAR MARINE”-nin uğur yolunda “SOCAR Türkiyə”-nin həyata keçirdiyi nəhəng layihələrlə yaradılan sinerji böyük əhəmiyyət daşıyır. 2018-ci ildə işə başlayan TANAP və “STAR NEZ”, eləcə də “Petkim” və “SOCAR Depolama”nın sahib olduğu limanlar ilə “SOCAR-Terminal”dakı gəmilərə yüksək səviyyəli xidmət göstərən və dünyanın aparıcı enerji şirkətlərindən biri olan SOCAR,  artıq Türkiyənin dənizçilik sektorunda da mühüm yer tutur. “SOCAR MARINE” bazardakı mövqeyini daha da gücləndirərək təkcə Türkiyənin deyil, Aralıq dənizi bölgəsinin ən böyük şirkəti olmaq istiqamətində inamlı addımlarla irəliləyir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır