Sifariş edilmiş konteynerdaşıyanların dedveyti tankerlərin və balkerlərin ümumi dedveytindən çoxdur
Tikiləcək konteyner gəmilərinin dedveyti ilk dəfə olaraq sifariş edilmiş tanker və balker donanmalarının ümumi dedveytini keçib.
“Clarkson Research”-in məlumatlarına görə, yeni gəmilərin inşası üçün sifarişlər seqmentində indi bir neçə il əvvəlki aşağı göstəricilərlə müqayisədə artım var. Pandemiyanın başlanmasından bəri konteyner daşımalarına güclü tələbat fonunda və qlobal enerji modellərini əks etdirən qaz daşıyıcılarına artan tələb sayəsində sifarişlər artıb. Sifarişin həcmi 2022-ci ildə, xüsusən konteyner gəmiləri və alternativ yanacaq gəmiləri üçün yüksək olaraq qalır.
Tankerlər və balkerlərin ümumi dedveytinin dünya üzrə dedveytin 75%-ni təşkil etməsinə baxmayaraq, onlar üçün sifarişlər tarixən aşağı səviyyədə qalır, konteynerdaşıyan gəmilər üçün sifarişlər isə artmaqda davam edir. Konteyner gəmiləri üçün sifarişlər hazırda 72,5 milyon ton, balkerlər üçün 63 milyon ton, neft və ərzaq məhsulları tankerləri üçün isə 34 milyon ton dedveyt səviyyəsindədir.
Yeni konteyner gəmiləri üçün sifarişlər 2020-ci ilin ikinci yarısından artmağa başlayıb. Bu dövrdə ümumi tutumu 7 milyon TEU olan 900-ə yaxın gəmi sifariş edilib.
“Clarksons Research”-ın hesabatına görə, 2022-ci ildə verilən sifarişlərin çoxu alternativ yanacaqla - ammonyak, metanol və hidrogenlə işləyən gəmilərlə bağlıdır. 6 ay ərzində 268 belə gəmi sifariş edilib. Bu, sifariş edilən ümumi tonajın üçdə ikisi deməkdir.
“Seanews.az”


