Yaponiyadan gələn gəmidə bir tondan çox bəyan edilməmiş mal aşkar olunub
Saxalin gömrükçüləri sərhədçilər ilə birlikdə Korsakov limanında 1,1 ton həcmində bəyan edilməmiş mallar aşkar ediblər. Nəzarətdən gizlədilən mallar gömrük və sərhədçilər tərəfindən Yaponiyanın Otaru limanından qayıdan yük gəmisinə baxış keçirilərkən aşkar edilib. Bu barədə Uzaq Şərq Gömrük İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Avtomobil hissələri, motor yağları, kosmetika vasitələri, dərmanlar, qənnadı məmulatları kayutlarda, avtomobillərdə və saxlanc yerlərdə gizlədilib. Həmçinin 74 litr spirtin (araq, şərab, viski, brendi, martini, likör) qanunsuz olaraq keçirilməsinə cəhd edilib. Aşkar edilmiş bütün mallar gömrük qaydalarının pozulması ilə gətirilib.
Bəyan edilməmiş mallar müsadirə edilərək maddi sübut üçün anbara yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.


