Avropa LNG tankerlərinin çatışmazlığı ilə üzləşə bilər
Son aylarda mayeləşdirilmiş təbii qaz (LNG) tankerlərinə tələbat artıb və bu, Avropa ölkələri bu tip gəmi çatışmazlığı ilə üzləşə bilər.
“Seanews.az”-ın məlumatına görə, LNG daşıma qabiliyyəti nadir əmtəə halına gəlib. Avropa ölkələri Rusiyadan yanacaq asılılığından xilas olmaq və LNG idxalı hesabına qaz tədarükünün mümkün kəsilməsinə hazırlaşmaq istəyir. Lakin logistikanın öz sərhədləri var. Yunanıstanın liman şəhəri Pireydən olan gəmi brokeri “Handelsblat” qəzetinə deyib:“ Bizim qazımız var, amma tanker tapa bilmirik”.
İlin ilk 5 ayında Avropaya LNG idxalı ötən illə müqayisədə 60% artıb. Bu, öz növbəsində, yük tariflərinin və gəmilərin qiymətinin artmasına səbəb olub: bir il əvvəl 175 min kubmetr həcmində bir tanker təqribən 195 milyon ABŞ dollarına başa gəlirsə, hazırda qiyməti 250 milyona yaxındır. Ekspertlərin fikrincə, 2040-cı ilə qədər LNG-yə tələbat iki dəfə artacaq”.
Dünyada bu tip gəmiləri tikən gəmiqayırma zavodları azdır və 3 ən böyüyü Cənubi Koreyadadır: “Hyundai Heavy Industries”, “Daewoo Shipbuilding & Marine Engineering” və “Samsung Heavy Industries”. Sifarişlərin 87% Koreya tərsanələrinin payına düşür, qalan hissəsi Çin və Yaponiya arasında paylanır. Qəzetin yazdığına görə, gəmiqayırma zavodlarında sıxlıqdır və onların bir neçə il üçün sifarişləri var.


